RF XİN: Moskva Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq üçün səy göstərir
Rusiya Bakı ilə İrəvan arasında münasibətləri normallaşdırmaq üçün səy göstərir. 2020-2022-ci illərdə yüksək səviyyədə qəbul edilmiş üştərəfli razılaşmalar kompleksində iki ölkə arasında nəqliyyat əlaqələrinin bərpası, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, vətəndaş cəmiyyəti xətti üzrə əlaqələrin inkişafı kimi birinci dərəcəli tədbirlər nəzərdə tutulur. Biz sülh müqaviləsinin hazırlanmasında tərəflərə ardıcıl olaraq kömək göstəririk.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bu fikirləri TASS agentliyinə müsahibəsində söyləyib.
Diplomatın fikrincə, regionda möhkəm, davamlı və ədalətli sülh üçün şərait yaradılmasına gətirib çıxarmalı olan bu addımlar sülh müqaviləsində təsbit olunacaq.
M.Qaluzin deyib: “Bizim vasitəçiliyimizin mahiyyəti hər iki tərəfin mənafelərini nəzərə alan qarşılıqlı məqbul həllər tapmaq məqsədilə konstruktiv və məzmunlu dialoqu təmin etməkdən ibarətdir. Bu məqsədlə RF xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvana və Bakıya müntəzəm səfərlər edir. Axırıncı dəfə o, fevralın 9-10-da İrəvanda, ayın 14-15-də Bakıda səfərdə olub”.
M.Qaluzin daha sonra bildirib ki, Moskva sülh prosesinin tərəflərin yanaşmalarını nəzərə alan əsas prinsipləri və parametrləri barədə Rusiyanın təkliflərini Bakıya və İrəvana təqdim edib.
Nazir müavini deyib: “Sülhə aparan yolda əngəllər çoxdur. Ermənistan ilə Azərbaycan arasında münaqişənin tarixi kökləri var. Bu münaqişəni qəti nizamlamaq üçün vaxt və səbir lazımdır, qarşılıqlı etimad yaradılmasına aparan ikitərəfli razılaşmaların etibarlı və davamlı olmasını təmin edən şərait formalaşmalıdır. Rusiya məhz bu hədəfi seçib. Ondan ötrü Cənubi Qafqazda sülh və sabitlik həmişə ön planda olacaq”.