Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil
Beynəlxalq Ədalət Məhkəməsinin guya Ermənistanın vəsatətini təmin etdiyi barədə əsassız iddia ilə bağlı qeyd edək ki, Məhkəmənin müvəqqəti tələbi Ermənistanın tələbi ilə eyni deyil və Məhkəmənin qənaəti budur ki, Azərbaycan “fasiləsiz hərəkəti təmin etmək...” əvəzinə “öz ixtiyarında olan bütün tədbirləri görməlidir”.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı bəyanatına dair şərhində yer alıb.
XİN-in şərhində bildirilib ki, Məhkəmə, eyni zamanda, Ermənistanın yolboyu hərəkətin “sərbəst” olması və “bütün” şəxslər, yük və nəqliyyat vasitələri üçün təmin olunması ilə bağlı iddiasını da qəbul etməyib. Bununla Məhkəmə Azərbaycanın mövqeyinə əlavə olaraq dəstək verərək, Laçın yolu ilə hərəkətin Ermənistanın iddia etdiyi kimi “azad”, yəni, heç bir nəzarət olmadan həyata keçirilməsi barədə Ermənistanın tələbini rədd edib.
Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca hərəkətin təhlükəsizliyinə zəmanət verilməsi üzrə sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.