X Qlobal Bakı Forumu panel iclasları ilə davam edir
"Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumu martın 10-da işini panel iclaslarla davam etdirir.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyevin moderatorluğu ilə keçirilən panel iclasında “Yeni qlobal səhiyyənin qurulması struktur: sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət” mövzusu müzakirə edilib.
İclasa videoçarx vasitəsilə qoşulan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirus pandemiyasından sonra həyatın bərpa mərhələsində olduğunu deyib: “Son dövrlərdə ÜST-nin əsas məqsədi gələcək pandemiyalara qarşı daha da hazırlıqlı olmaqdır. COVID-19 bir daha göstərdi ki, sağlamlıq hər şeydən daha vacibdir. Biz bütün ölkələri təşviqi, təminatı, qorunmanı, səlahiyyətlənməni və icra (5P) planını nəzərə almağa çağırırıq. Səhiyyə sisteminin səviyyəsini artırmaq üçün ölkələr təchizatla təmin olunmalıdır”.
Tedros Adhanom Qebreyesus, eyni zamanda, ilkin tibbi yardımın vacibliyini vurğulayıb. “İlkin tibbi yardımın düzgün aparılması bir çox məsələdə həyatları xilas edə bilər. ÜST-nin ölkələr üçün koronavirusla bağlı 300-dən çox tövsiyəsi oldu və bu tövsiyələrin nəticəsində bu sahədə irəliləyişlər müşahidə edildi. Həmin dövrdə pandemiya üçün beynəlxalq səviyyədə fond yaradıldı. ÜST sağlamlıq naminə dövlətlərə kömək etməyə davam edəcək. Bu il ÜST-nin yaradılmasının 75-ci ildönümüdür. 75 il əvvəl dövlətlər belə bir birgə qərar qəbul ediblər ki, sağlamlıq bütün insanların hüququdur”.
İclas davam edir.