“İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti” mövzusunda plenar sessiya keçirilib
Martın 15-də Bakıda işə başlayan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın əhəmiyyəti” mövzusunda plenar sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMM) icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil daimi insan haqları komissiyasının üzvü Aydın Səfixanlı konfransın məhsuldar və effektiv müzakirələr üçün mühüm platforma olduğunu vurğulayaraq deyib: “Heç kimin dini azadlığını məhdudlaşdırmaq olmaz. Bu beynəlxalq hüquqa da ziddir. İslamofobiya dedikdə İslama qarşı müəyyən ölkələrdə bəzi alçaldıcı davranışlar, müsəlmanlara qarşı təhqiredici hərəkətlər nəzərdə tutulur. Fransa, İsveç kimi ölkələr buna nümunədir. Təəssüf ki, Fransada irqçilik institutlaşdırılır və bu proses getdikcə dərinləşməkdədir. Bəzi ölkələrdə təxribat xarakterli fotoşəkillər hazırlanır, müsəlmanlar alçaldılır, “Qurani-Kərim” yandırılır. Bütün bunlar qəbuledilməzdir. İnsanların həssas olduğu dəyərlərə, inanclarına toxunmaq yolverilməzdir”.
Son dövrlər islamofobiya hallarına daha çox rast gəlindiyini vurğulayan A.Səfixanlı xüsusilə Ermənistanın işğal dövründə Azərbaycanın tarixi-dini abidələrini məhv etməsinə diqqət çəkib. Bildirib ki, Ermənistan işğal dövründə İslam dininə aid mədəniyyət nümunələrini, məscidləri təhqir edib, dağıdıb. Ən dəhşətlisi odur ki, müsəlmanlar dini inanclarına və türk olduqlarına görə ermənilər tərəfindən soyqırımına məruz qalıblar. Dünyada mövcud olan ikili standartlar bu cür faciələrə yol açır. Ermənistan bu hərəkətləri Fransadan örnək götürüb. Fransa Əlcəzair xalqına və Afrikanın bir sıra ölkələrində müsəlmanlara qarşı qəddar soyqırımları həyata keçirib. Bu cür əməlləri həyata keçirən insanlar mütləq cəzalandırılmalıdır”.
Lids Universitetində Sosiologiya və sosial siyasət məktəbinin rəhbəri Salman Sayyid islamofobiyanın sürətlə yayılmasının ciddi və ağır nəticələr doğurduğunu qeyd edib, bu baxımdan belə müzakirələrin önəmini vurğulayıb. “İslamofobiya gündəlik hadisələrdən soyqırımına qədər dəyişə bilər. Hicabın insanların üzərindən qəsdən çıxarılması, “Qurani-Kərim”in yandırılması və digər əməllər yayılmaqda davam edir. Müsəlman qadınlara qarşı islamofobiya hallarına daha çox rast gəlinir. Yadda saxlamaq lazımdır ki, islamofobiyanın artmasına bəzən hökumətlər də səbəb olur. Fransa, Avstriya buna nümunədir. İslamofobiya qlobal məna alıb və müxtəlif vasitələrlə həyata keçirilir. İslamofobiya İslam dini ilə bağlı deyil, müsəlmanlara qarşıdır, onların alçaldılması, diskriminasiyaya məruz qalması məqsədi güdür. İslamofobiyaya qarşı mübarizə aparmaq üçün birləşməliyik. Bu, siyasi mübarizədir”.
Müsəlman İnstitutu Düşüncə Mərkəzinin sədri Sultan Əhməd Sahibzadə islamofobiyanın Cənubi Asiyanın bəzi ölkələrində də sürətlə artmaqda olduğunu vurğulayaraq deyib: “Müsəlmanlara qarşı qərəzli münasibət göstərilir. Milyonlarla müsəlman vətəndaşlığını buna görə itirib. Müsəlmanlarının bizneslərinin dağıdılması ilə bağlı məlumatlar var. Eyni zamanda, müsəlmanlara qarşı təcavüz halları da xeyli artıb. Ümumiyyətlə, dünyada İslam mədəniyyəti və müsəlmanlara qarşı müxtəlif siyasətlər həyata keçirilir”.
İslam Mədəniyyəti Misir İnstitutunun rektoru Mohamed Al Sahhat Al Cindi hazırda dünyanın müxtəlif ölkələrində xeyli çətinliklərlə üzləşən müsəlmanlara qarşı təhqiredici hərəkətlər edildiyini deyib. Bildirib ki, İslam dini dünya dinlərinə hörmət göstərir və qarşılığını tələb edir. İslamda qadınlara yüksək ehtiram göstərilir.
İslamofobiyanın düşmənçilik yaratmaq məqsədilə ortaya atıldığını və qızışdırıldığını qeyd edən rektor bildirib: “Bəzi ölkələrdə İslam haqqında insanlara yanlış məlumat verilir, müsəlmanların hüquqları tapdalanır, onlar öldürülür. Bütün bunlar qəbuledilməzdir. İnsanlar sülh içində yaşamalıdırlar. Kimsə müsəlmanı öldürərsə, İslamı təhqir edərsə, geyimlərə qarşı olarsa bu, onlarda fikir və ifadə azadlığı sayılır. Bu, xüsusən Qərb ölkələrində baş verir. Müsəlmanlar dünya əhalisinin mühüm hissəsini təşkil edirlər. Biz istəyirik ki, hər birimiz dinc şəraitdə yaşayaq. Müsəlman olaraq dini inancımızla qürur duyuruq və bu, bizim hüququmuzdur”.
Veyn Dövlət Universitetinin Yaxın Şərq, Asiya və qlobal tədqiqatların tədrisi üzrə dosenti Saed Ahmed Xan çıxışında müsəlmanların bir çox ölkələrdə qorxu altında yaşadıqlarını qeyd edib: “Müsəlmanlara qarşı ayrı-seçkilik hallarına şərait yaradan qanunların qəbul olunması, onların alçaldılması cəhdləri qeyri-insani addımlardır. Biz bəzi dövlətlərin bunu qəsdən daha da qızışdırdığını görürük. Dövlətin roluna gəldikdə, bu barədə onlar düşmənçilik siyasətini pərdənmiş şəkildə həyata keçirirlər. Təəssüf ki, müsəlman təşkilatların fəaliyyəti media tərəfindən daha az işıqlandırılır. Müsəlmanlar islamofobiyaya qarşı birgə mübarizə aparmalıdırlar”.
Bosniya və Herseqovinanın Elm və İncəsənət Akademiyasının prezidenti Ferid Muhik dünyanın bir çox ölkələrində müsəlmanlara qarşı açıl şəkildə zorakılığın həyata keçirildiyini qeyd edib: “İslamla bağlı bir çox ölkələr tərəfindən saxtalaşdırma cəhdləri edilir. İslamofobiya müsəlmanlara qarşı ayrı-seçkiliklə nəticələnir və bütün bunlar hazırda dövlətlər tərəfindən sui-istifadə olunmaqdadır. Ancaq unutmaq lazım deyil ki, Avropa bəzi dəyərləri İslam dinindən götürüb”.
Çıxışlardan sonra sessiya iştirakçılarının sualları cavablandırılıb.