Bakı konfransı çərçivəsində “İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda müzakirələr aparılıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” adlı beynəlxalq konfrans çərçivəsində təşkil olunan birinci aralıq sessiyasında “İslamofobiya: Avropa və milli qanunvericilik” mövzusunda müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, sessiyaya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova moderatorluq edib.
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan iclasda çıxış edərək bildirib ki, islamofobiya xüsusilə Avropada geniş vüsət alıb və müsəlmanlar bununla bağlı ciddi travmalara məruz qalırlar. Avropanın bəzi ölkələrində “Qurani-Kərim”in yandırılmasının beynəlxalq ictimaiyyət tərəfindən qınandığını qeyd edən T.Ayhan deyib: “bizim qurumun əsas məqsədi sülhə dəstək göstərməkdir. İslamofobiyanın köklü şəkildə aradan qaldırılmasını arzu edirik. İslamofobiya ilə mübarizə üçün hökumətlər bəzi qərarlar qəbul etməlidirlər. Cəmiyyətlər daxilində müzakirələr təşkil olunmalıdır. İslamofobiya insanlığa qarşı ciddi problemdir. Beynəlxalq təşkilatlar tolerantlığı təşviq etməlidir”.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Avropada yayılan islamofobiya hallarının qarşısının alınması üçün ciddi həll yollarının tapılmasının vacibliyini bildirib: “İslamofobiyaya qarşı ən yüksək səviyyədə tədbirlər görülməlidir. Biz bununla bağlı müəyyən işlər görməliyik. Xüsusilə qadınlar İslam dininin buyurduğu geyimlərdə olduqda onlara qarşı alçaldıcı və zorakı hərəkətlərə daha çox rast gəlinir. Hətta onların guya “azad edilməsi” ilə bağlı çağırışlar da eşidilir. Avropalıların İslamla bağlı bilikləri artırılmalıdır. Bakıdakı konfrans yaxşı fürsətdir”.
Avropa-Türk-İslam İttifaqının Prezidenti, Asiya Strateji Araşdırmalar Mərkəzinin baş direktoru Musa Sərdar Çələbi İslam dininin Avropa yayılmasından, həmçinin müsəlmanların müxtəlif sahələrdə fəaliyyətindən söhbət açıb: “Avropanın bir çox ölkələrində İslam dininə qarşı nifrət artmaqda davam edir. Müsəlmanların ölkələrindən getməyini istəyirlər və bu dinlərarası problemlər yaradır. Avropaya sırf işləmək üçün gedən bəzi türklərə qarşı terror hadisələri həyata keçirildi. İslamofobiyanın olduğu ölkələrə ciddi çağırışlar, müraciətlər edilmədikcə bu hallar davam edəcək. Bununla bağlı ciddi qərarlar qəbul olunmalıdır”.
Türk Alman Universitetinin Beynəlxalq əlaqələr və siyasi elm departamentinin rəhbəri Enes Bayraklı hazırda dünyada islamofobiya qlobal trendə çevrilməkdə olduğunu qeyd edib: “Bu trend hazırda təhlükəli vəziyyət almaqdadır. Bəzi qərb ölkələrində islamofobiya ilə bağlı hadisələrə göz yumulur və bununla bağlı məlumatlar qeydə alınmır. Bu konfrans İslam dinini hədəfə alan belə əməllərin qarşısının alınması ilə bağlı qərarların qəbulu baxımından çox faydalıdır. Avropada müsəlmanlara qarşı yaranmış ayrı-seçkilik milyonlarla insanın həyatına ciddi təsir göstərir. Bu istiqamətdə geniş maarifləndirmə tədbirləri həyata keçirilməlidir”.
AMEA-nın Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi Leyla Məlikova çıxışında hazırda dünyada plüralizm probleminin yaşandığını qeyd edərək deyib: “Hazırda Fransa kimi ölkələrdə islamofobiya geniş yayılır. Bir çox ölkələrdə antimüsəlman tendensiyası bir neçə il öncə də özünü şiddətli şəkildə büruzə vermişdi. Fransız cəmiyyətində müsəlmanlar barbar olaraq təsvir edilir və nəticədə onlar zorakılığa məruz qalırlar. İslamofobiya ilə bağlı araşdırmalar nəticəsində məlum olur ki, bu proses Fransada hələ orta əsrlərdən başlayıb. Onlar İslamı müasirliyə qarşı maneə hesab edirlər. Bəzi ölkələrdə bununla bağlı konkret hadisələr yaşanıb. Fransızlar demək olar ki Əlcəzair əhalisinin üçdəbirini qətlə yetiriblər və bunu xüsusi amansızlıqla törədiblər. Onlar digər müstəmləkələrdə də qəddar siyasət həyata keçiribdilər. Fransa Nigeriyada da vəhşiliklər həyata keçirib”.
Sosial Dayanıqlılıq İnstitutunun nümayəndəsi İbrahim Yerden çıxışında Qərbi Avropada siyasətin və dövlətin islamofobiyaya təsirindən danışıb. Qeyd edib ki, islamofobiya irqçiliyin geniş yayılmış növlərindən biridir. Qərbdə baş verən hadisələri birbaşa İslam dininə aid etmək absurddur. Bu mənada Bakıda keçirilən bu konfrans İslam aləmi üçün xüsusi əhəmiyyət daşıyır.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.