Qarabağda minalarla çirklənmə köçkünlərin təhlükəsiz qayıdışına mane olur - ABŞ səfirliyi

Qarabağda minalarla çirklənmə köçkünlərin təhlükəsiz qayıdışına mane olur - ABŞ səfirliyi

Qarabağda minalarla çirklənmə iqtisadi inkişafın qarşısını alır və köçkünlərin təhlükəsiz qayıdışına mane olur.

AZƏRTAC xəbər verir ki, bunu martın 16-da Azərbaycanın Ağdam rayonunda iki dinc sakinin ölümünə səbəb olan mina partlayışı ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq ABŞ-nin ölkəmizdəki səfirliyindən bildiriblər.

“ABŞ səfirliyi Ağdamda mina partlayışı nəticəsində həlak olanların ailəsinə başsağlığı verir. Münaqişə rayonunda minalar və partlamamış hərbi sursatlar dinc sakinləri öldürməyə və şikəst qoymağa davam edir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Səfirlik ABŞ-nin humanitar minatəmizləmə işlərini dəstəklədiyini qeyd edib.

“Regionda sülhə və əməkdaşlığa kömək etmək məqsədilə ABŞ 2021-ci ilin noyabrından münaqişə rayonlarında humanitar minatəmizləmə işlərinə 2,5 milyon dollar vəsait ayırıb", - deyə ABŞ səfirliyindən məlumat verilib.

Qeyd edək ki, Ağdam rayonunun Yusifcanlı kəndinin iki dinc sakini mina partlayışı nəticəsində həlak olub. 1999-cu il təvəllüdlü Həsənov İsrail İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

2023-03-17