Buyar Osmani: Azərbaycan və Ermənistan arasında sülhün təmin olunacağına inanırıq
Ermənistan ilə Azərbaycan arasında sülh ən qısa müddətdə təmin edilməlidir. Biz regionda sülh əsaslı əməkdaşlığı təmin etmək istəyirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şimali Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani aprelin 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdikləri mətbuat konfransında deyib.
ATƏT-in dünyada mühüm rola malik olduğunu vurğulayan Buyar Osmani təşkilatın əsas məqsədinin beynəlxalq təhlükəsizliyin bərqərar olması üçün Avropada və bir sıra ərazilərdə sabitliyin təmin edilməsinə töhfə vermək olduğunu bildirib: “Bu dəyərləri təmin etmək vacibdir. ATƏT-in müvafiq təcrübəsi var ki, bütün meyarlarda Azərbaycana dəstək göstərsin. Bizim şüarımız “Hər şey insanlar üçün”dür. Əhatəli, sülh əsaslı münaqişələrin həlli yollarını tapmaq lazımdır. Azərbaycan və Ermənistan arasında sülhün təmin olunacağına inanırıq. Biz bilirik ki, münaqişə çox böyük problemlərə yol açır. Şimali Makedoniyanın təcrübəsi onu öyrətdi ki, bütün müharibələr dialoqlar vasitəsilə həll oluna bilər. Etimadın yaradılması və danışıqların aparılması müharibə meydanına sakitlik gətirə bilər”.
ATƏT-in fəaliyyətdə olan sədri ikitərəfli əlaqələrin müsbət inkişaf etdiyini və Azərbaycanla işgüzar münasibətləri daha da gücləndiriləcəyini deyib.