XİN: Fransa Azərbaycana qarşı bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Ermənistan tərəfinin aprelin 11-də Laçın rayonu istiqamətində yerləşən mövqelərimizə qarşı təxribatı ilə əlaqədar Ermənistanı dəstəkləyən bəyanatı reallığı əks etdirmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin aprelin 12-də yaydığı bəyanatına dair şərhində bildirilib.
Qeyd olunub ki, 25 ilə yaxın müddətdə Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi olarkən Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyən, münaqişənin həllinə çalışmayan, Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı qarayaxma kampaniyası aparan Fransa bu bəyanatla növbəti dəfə qeyri-ədalətli mövqe nümayiş etdirib.
Üçtərəfli Bəyanata və Fransa Prezidentinin də iştirakçısı olduğu Praqa görüşünün nəticələrinə uyğun olaraq Ermənistanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırmayan, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini çıxarmağı Ermənistandan tələb etməyən Fransa tərəfinin birtərəfli əsasda yalnız Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin vacib olduğunu bəyanatda bildirməsi Fransanın ölkəmizə qarşı qərəzinin nümunəsidir.
Fransa tərəfini, Ermənistanı növbəti təxribatlara təhrik edən, revanşist qüvvələrə dəstək verən bu kimi bəyanatlardan çəkinməyə çağırırıq.