İtaliya Senatında yeni tərkibdə formalaşan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təqdimatı olub

İtaliya Senatında yeni tərkibdə formalaşan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təqdimatı olub

İtaliya Senatında bu ölkə parlamentinin XIX çağırışında Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibinin rəsmi təqdimatı və yeni dostluq qrupu ilə Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun birinci görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Azər Kərimli və İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurrianın həmsədrliyi ilə keçirilən görüşdə çoxsaylı italyan parlamentarlar və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri vəzifəsini daşımaqdan qürur duyduğunu bildirən senator Marko Skurria dostluq qrupunun İtaliya ilə Azərbaycanın, o cümlədən iki ölkənin parlamentləri arasındakı əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tədbirdə çıxış edən senatorlar Ciuliomaria Terzi Sant’Aqata, Daniela Sbrollini, Matteo Celmetti, deputat Ettore Rosato və digərləri iki ölkənin parlamentləri, eləcə də hökumətləri arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildiriblər. Qısa zaman kəsiyində italiyalı nazirlərin, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin ölkəmizə səfər etməsinin İtaliyanın yeni hökumətinin Azərbaycanla münasibətlərə verdiyi böyük önəmin göstəricisi kimi qiymətləndirilib. Parlamentarilər yeni tərkibdə formalaşan dostluq qrupuna üzv olmaqla iki dövlət və iki xalq arasındakı münasibətlərin daha da yaxınlaşmasına töhfə verməyə hazır olduqlarını vurğulayıblar.

Ölkələrimiz arasında geniş əməkdaşlığın dövlət başçılarının qarşılıqlı səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini söyləyən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli dostluq qrupunun yenidən formalaşdırılmasını yüksək qiymətləndirib. O, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həm parlamentlərarası, həm də xalqlararası əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi və enerji sahələri ilə yanaşı, humanitar sahədə də uğurla davam etdiyini, İtaliyada Azərbaycan Mədəniyyət Mərkəzi və Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Vətən müharibəsindən dərhal sonra İtaliya parlamentində təmsil olunan aparıcı siyasi qrupların üzvlərindən ibarət senator və deputatların daxil olduğu nümayəndə heyətinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə Avropadan səfər edən ilk nümayəndə heyəti olduğunu vurğulayan deputat İtaliyanın daima beynəlxalq hüququ, ədaləti dəstəkləməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd edib.

Azərbaycan ilə İtaliya arasındakı strateji əlaqələrin təməlində dayanan əsas amillərdən biri kimi möhkəm iqtisadi əlaqələrdən bəhs edən Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Tahir Mirkişili ölkəmizin İtaliyanın əsas enerji təchizatçısı, İtaliyanın isə Azərbaycanın dünyada əsas ticarət tərəfdaşı olduğunu bildirib. Azərbaycanın Avropaya təbii qaz nəqli ilə yanaşı, elektrik enerjisi və “yaşıl enerji”nin nəqli kimi irimiqyaslı layihələr həyata keçirdiyini deyən deputat Azərbaycanın “köhnə qitə”nin etibarlı enerji tərəfdaşı olduğunu qeyd edib. Tahir Mirkişili, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hazırda İtaliyanın çoxsaylı şirkətlərinin fəaliyyət göstərdiyini bildirib.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Azərbaycan-İtaliya dostluq və əməkdaşlıq əlaqələrinin, həmçinin hər iki ölkənin prezidentləri tərəfindən qurulmuş strateji tərəfdaşlıq və siyasi dialoqun uğurla davam etdiyini bildirib. Səfir ölkələrimiz arasındakı münasibətlərin əməkdaşlığın bütün sahələrini əhatə edən zəngin strateji gündəliyə malik olduğunu deyib. Rəşad Aslanov parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb, yeni tərkibdə formalaşan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafına əlavə töhfə verəcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupu və Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı protokol imzalanıb.

2023-04-19