Çin xarici işlər nazirinin müavini: Azərbaycan-Çin əlaqələri bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Çin xarici işlər nazirinin müavini: Azərbaycan-Çin əlaqələri bütün sahələrdə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Çin Xalq Respublikasının xarici işlər nazirinin müavini Ma Caosyü ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ma Caosyü təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Çin əlaqələrinin hazırda dövlətlərimizin başçıları sayəsində bütün sahələrdə inkişaf etdiyini, strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. O, Azərbaycanın və Çinin dövlət başçılarının Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin son Sammiti çərçivəsində görüşünün əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətinə toxunub. Azərbaycan-Çin münasibətlərinin genişlənməsində Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin, həmçinin Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasındakı əməkdaşlığın və ölkələrimizin səfirliklərinin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyətinin pandemiyadan sonra Çin Xalq Respublikasına səfər edən ilk heyətlərdən olduğunu bildirən Ma Caosyü Azərbaycanın Çinin bütün təşəbbüslərinə daim müsbət reaksiya göstərdiyini, “Bir kəmər, bir yol” təşəbbüsünə verdiyi töhfələri qeyd edib.

O, münasibətlərimizin daha da genişlənməsi üçün bütün dövlət qurumları, qeyri-hökumət təşkilatları və özəl sektor arasında əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Nazir müavini Çin Xalq Respublikasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq ölkəmizə sülh arzulayıb.

Anar Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə münasibətlərə hər zaman önəm və dəstək verdiyini, ikitərəfli əlaqələrin inkişafına çalışdığını bildirib.

Azərbaycanın turizm potensialı, işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, o cümlədən digər bölgələrimizdəki layihələrdə Çin sərmayədarları və şirkətləri üçün imkanların mövcudluğu barədə məlumat verilib. Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi humanitar və mədəni layihələrin gələcəkdə də davam etdirəcəyini bildirən Anar Ələkbərov dövlət qurumlarının da Çin ilə əməkdaşlığa yüksək maraq göstərdiyini qeyd edib və Azərbaycan dövlətinin hər zaman “Vahid Çin” prinsipinə dəstək verdiyini vurğulayıb.

2023-04-19