Prezident İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 kilometr məsafədə 330 kV-luq “Ağcabədi-Cəbrayıl” ötürmə xətti “Azərenerji” tərəfindən rekord müddətdə - bir ildə tikilib və 330 kV-luq “Ağcabədi” yarımstansiyası müasir texnologiyalar əsasında tam yenidən qurulub.
Ən əsası bu müddətdə işğaldan azad edilən rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. Bu layihənin bir neçə mühüm əhəmiyyəti var. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP Günəş və digər bərpaolunan enerji mənbələrində, həmçinin “Xudafərin” və “Qız qalası” elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən 25 Su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir.
Digər tərəfdən perspektivdə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın ümumi enerji sisteminə qoşmaq, həmçinin Cəbrayıl-Naxçıvan-Türkiyə, oradan isə qardaş ölkənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edib ixrac imkanlarını artırmaq üçün “Cəbrayıl” qovşaq yarımstansiyasının işə düşməsi xüsusi önəm daşıyır.
Dövlətimizin başçısı “Cəbrayıl” qovşaq yarımstansiyasını işə saldı.
Bildirildi ki, üçmərhələli ölkələrarası enerji layihəsini həyata keçirmək üçün “Cəbrayıl” enerji qovşağında tikilən 330 və 110 kV-luq açıq paylayıcı qurğularda əlavə ehtiyat yuvalar yaradılıb. Eyni zamanda, burada avtomatik açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və digər proseslər üçün Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.
“Cəbrayıl” enerji qovşağının ətrafında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar irimiqyaslı ağacəkmə və bağsalma aksiyası keçirilib.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən bu günədək 37 enerji obyekti - 12 yarımstansiya, 25 Su elektrik stansiyası tikilib və tikilməkdədir. Bu enerji obyektlərində indiyədək 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq daimi işlə təmin edilib.