Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub

Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti olub.

AZƏRTAC xəbər verir ki, qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış edib.

Konsert çərçivəsində “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiya, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları təqdim edilib.

Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatıb.

Maraqla qarşılanan konsert proqramından sonra Xalq artisti Hacı İsmayılov təəssüratlarını bizimlə bölüşüb: “Hər dəfə Şuşada, Cıdır düzündə olanda elə bilirəm bu yerlərə ilk dəfə gəlirəm. Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi festivallarında 3-cü dəfədir iştirak edirəm. Hər il burada rəngarəng konsert proqramı ilə yanaşı, təbiətin də qəribəliyinin, fərqliliyinin şahidi oluruq. Sevindirici haldır ki, bu festivallar təkcə Azərbaycanın yox, bütün türk xalqlarının iştirakı ilə keçirilir. Bu da insanı mənən qürurlandırır. Bu festivalda iştirak etmək böyük xoşbəxtlikdir. Biz çox sevincliyik ki, nə yaxşı ki, Qarabağımız, Şuşamız işğaldan azad olunaraq belə gözəl günlərinə qovuşdu. Bu festivallar Azərbaycan xalqının yüksək mədəniyyətindən xəbər verir. Yüksək mədəniyyətə malik olan xalqlar daim inkişaf edəcək və yaşayacaq”.

Özbəkistanlı müğənni Gülçöhrə Ruzukulova ilk dəfədir ölkəmizdə olduğunu bildirərək deyib: “Belə bir gözəl, unudulmaz festivalda iştirakdan çox məmnunam. Çox gözəl və həyəcanlı atmosfer var. Şuşa kimi cənnət bir guşədə türkdilli xalqların bir yerdə öz mədəniyyətini, incəsənətini təqdim etməsi olduqca qürurvericidir. Bu, bizim birliyimizi daha da möhkəmləndirir. Özbəkistandan bura gəldiyimiz üçün çox xoşbəxtik. İlk dəfədir Şuşadayam və qismət olsa növbəti festivallarda da böyük həvəslə iştirak edəcəyəm”.

Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Elə budəfəki “Xarıbülbül” Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edirlər.

Qeyd edək ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı mayın 11-də yekunlaşacaq. Festivalın tədbirləri Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarını əhatə edir.

Festival günlərində Şuşanın müxtəlif məkanlarında ayrı-ayrı mövzular üzrə guşələr yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar edilir, sərgilər nümayiş olunur, konsert proqramları keçirilir.

2023-05-10