“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cıdır düzündə konsert proqramı təqdim olunub

“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Cıdır düzündə konsert proqramı təqdim olunub

Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın 9-da Cıdır düzündə konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konsert proqramında TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin təqdimatında bir-birindən maraqlı ifalar dinlənilib.

Konsertdə incəsənət ustaları təmsil etdikləri ölkə və regionun musiqi mədəniyyətini tamaşaçılara təqdim ediblər.

Möhtəşəm konsertdə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistandan olan musiqi kollektivlərinin və ifaçıların çıxışları maraqla qarşılanıb.

Sonda Türk dünyasının solistləri birlikdə “Qarabağ” kompozisiyasını ifa ediblər.

Konsertdən sonra festivalla bağlı təəssüratlarını AZƏRTAC ilə bölüşən tanınmış bəstəkar, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov deyib ki, hər zamankı kimi, budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı da əsl musiqi bayramıdır: “Festival çox yüksək səviyyədə təşkil olunub. Burada gözəl ifalara qulaq asır, bir-birindən rəngarəng musiqiləri dinləyirik. Biz bu gün çox qürurluyuq. Ona görə ki, doğma Vətənimizə, gözəl Şuşamıza demək olar ki, bütün Türk dünyasının ən ünlü sənətkarları qonaq gəlib. Yaşadığım hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm. Qarşıda bizi bir-birindən maraqlı neçə-neçə konsert, tədbir gözləyir”.

Sərdar Fərəcov xüsusi olaraq qeyd edib ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının belə yüksək səviyyədə təşkili Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir: “Azərbaycan xalqı belə gözəl günlərə layiqdir. Çünki dünyada biz heç kimə pislik etməmişik və heç kimin torpağında gözümüz yoxdur. Biz gözəlliklər yaradan xalqıq və belə festivallar bunun əyani sübutudur”.

Rusiya Federasiyasının Tıva Respublikasının “Edegey” Rəqs və Kostyum Teatrının direktoru Kima Donqak Azərbaycanda olmaqdan məmnunluğunu söyləyib. Ölkəmizə ilk dəfədir gəldiyini bildirən K.Donqak deyib: “Burada gördüyüm səmimiyyət, insanların qonaqpərvərliyi məni heyran etdi. Bu gözəl diyara indiyədək gəlməməyimə çox təəssüflənirəm. Hazırda Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında iştirak edirəm. Festival çox gözəl təşkil olunub. Burada olmağımızdan çox məmnunuq. Qismət olarsa, növbəti illərdə də bu musiqi festivalında iştirak edəcəyik”.

Azərbaycan xalqına sonsuz sevgisini bildirən Qırğızıstanın Xalq artisti, Dövlət mükafatı laureatı Salamat Sadıqova 30 il bundan əvvəl Şuşada iştirak etdiyi “Xarıbülbül” festivalını bir daha xatırlayıb: “O günlər yaxşı yadımdadır. “Xarıbülbül” festivalı hələ ilk addımlarını atmağa başlayanda - 1990-cı illərin əvvəllərində biz bu musiqi bayramına qatılan ilk iştirakçılardan idik. Onda festival yeni beynəlxalq status almışdı. O vaxt festivalda dünyanın 16 ölkəsindən nümayəndələr iştirak edirdi. Ondan sonra Azərbaycana gəlmək imkanı olmadı. 30 ildən sonra yenidən Bakını görmək, Şuşaya gəlmək və belə bir festivala yenidən qatılmaq olduqca xoş hisslərdir. 33 il bundan əvvəl olduğu kimi, yenə də mən festivala öz doğma - “Kambarkan” folklor-etnoqrafik ansamblı ilə qatılmışam. Festival çox yüksək səviyyədə təşkil olunub. Bu gözəl imkanı bizə yaradanlara çox minnətdaram. Şuşa turizm baxımından da çox əlverişli bir yerdir. İnanıram ki, yaxın illərdə bu festivalın coğrafiyası daha da genişlənəcək”.

Qeyd edək ki, üç gün davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.

Festival günlərində Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında keçiriləcək tədbirlər çərçivəsində müxtəlif konsert proqramları, tamaşalar, sərgilər, film nümayişləri olacaq.

Festival çərçivəsində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstəriləcək.

2023-05-09