Azərbaycan Prezidenti İlham Əliyev Misir parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Misir parlamenti Nümayəndələr Palatasının sədrinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi. Ulu Öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurğulayan dövlətimizin başçısı, eyni zamanda, Ümummilli Liderin Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlərini qeyd etdi.
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladı, bu səfərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini dedi, səfər zamanı Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı salamlarını Misirin Prezidentinə çatdırmağı xahiş etdi.
Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğuladı. “Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”, - deyən Hanaf Ali Əl Gebali qeyd etdi ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. O vurğuladı ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir.
Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulandı, bu xüsusda dövlətimizin başçısının Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakı məmnunluqla xatırlandı.
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırdı, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını qeyd etdi.
Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.