Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikası Milli Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Azərbaycan Prezidenti ilə görüşməkdən və Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi.

Qonaq Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirdi.

Dövlətimizin başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula Ulu Öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd etdi, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğuladı. Qonaq dedi ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.

Prezident İlham Əliyev qeyd etdi ki, dövlətçiliyimizin qurucusu olan Ulu Öndər ölkəyə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan çox ağır vəziyyətdə idi. Məhz Ümummilli Liderin güclü iradəsi və yorulmaz səyləri nəticəsində Azərbaycan çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.

Söhbət zamanı ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi vurğulandı, əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edildi, kənd təsərrüfatı, enerji, turizm, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu.

Görüşdə Azərbaycan və Cənubi Afrika Respublikasının beynəlxalq təşkilatlar, həmçinin Qoşulmama Hərəkatında uğurlu əməkdaşlığı qeyd edildi.

2023-05-18