Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub

Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşü olub

Mayın 25-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli Zirvə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Zirvə görüşündə çıxış edən Rusiya Prezidenti Vladimir Putin dedi:

- Hörmətli İlham Heydər oğlu. Hörmətli Nikol Vovayeviç.

Hörmətli həmkarlar, dostlar.

Biz növbəti görüşümüzün keçirilməsinə dair təklifə operativ reaksiya verdiyiniz üçün minnətdarıq və ümid edirəm ki, bu, bizim artıq çoxdan danışdığımız bəzi məsələlərin praktik həllində yaxşı müqəddimə olacaq.

Məhz bizim formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub. 2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, sonra iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb.

Bu vaxt ərzində bir çox hadisələr baş verib, mən onların hər biri üzərində dayanmayacağam, detallara varmayacağam. Zənnimcə, hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Bax, indi biz üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır. Lakin zənnimcə, biz bu barədə həm Azərbaycan tərəfdən, həm də Ermənistan tərəfdən olan həmkarlarla danışdıq. Bu məsələlər sırf texniki xarakter daşıyır.

Biz bu mövzunu ətraflı müzakirə etdik. Məsələ terminologiyadadır. Əlbəttə, bu terminlərin arxasında reallıqların və hadisələrin dəqiq qavranılması dayanır. Onlar müvafiq sənədlərin imzalanmasından sonra gəlir. Lakin fikrimcə, bizim hər üçümüzün nöqteyi-nəzərindən, - mən özümü, Ermənistanın baş nazirini və Azərbaycanın Prezidentini nəzərdə tuturam, - bunlar aradan qaldırılması mümkün olan maneələrdir. Əslində, bunlar sırf texniki məsələlərdir. Ona görə də biz qərara aldıq ki, yaxın vaxtlarda, bir həftədən sonra, – indi həmkarlarımdan bu tarixi razılaşdırmağı xahiş edirəm, – Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri görüşəcəklər. Onlar belə demək mümkünsə, hələ tənzimlənməmiş məsələləri həll edəcəklər. Mənə elə gəlir ki, bu, yaxşı razılaşmadır və indiyədək həll olunmamış məsələlərin çözülməsinə ümid yaradır.

Vaxta gəldikdə, biz bir həftədən sonra görüş barədə razılığa gəldik. Bu gün cümə axşamıdır. Ermənistan, yaxud Azərbaycan nümayəndə heyətlərinin hər hansı təklifi varmı? Çünki həmkarlar bu barədə öz aralarında razılaşmalıdırlar. Bir həftədən sonra normaldır?

Baş nazir Nikol Paşinyan: Bəli.

Prezident Vladimir Putin: İlham Heydər oğlu?

Prezident İlham Əliyev: Bəli.

Prezident Vladimir Putin: Mətbuat nümayəndələri çox sağ olsunlar. Biz bir az qapalı rejimdə işləyəcəyik.

2023-05-25