Prezident İlham Əliyev: Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə neft-qaz tarixindəki uğurunu təkrarlayır
Builki “Bakı Enerji Həftəsi” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edir. Bu, əlamətdar bir hadisədir. Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirib.
Məktubda qeyd olunur ki, “Xəzər Neft və Qaz” sərgisinin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf edib. Məhz həmin il imzalanmış “Əsrin müqaviləsi”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaradıb.
“Hazırda Azərbaycan “yaşıl enerji” ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır”, - deyə dövlətimizin başçısı vurğulayıb.