İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar

İsrailin Prezidenti və birinci xanımı İçərişəhərlə tanış olublar

Ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və birinci xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Bildirilib ki, İçərişəhərdə yerləşən dünya əhəmiyyətli abidələrin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

2023-05-31