Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Zəngilan rayonunun Ağalı kəndində olublar.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev və Rüstəm Minnixanov elektromobillərlə Ağalı kəndini gəzdilər.

Qeyd edək ki, bu günədək Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə ümumilikdə 86 ailə - 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur yaradılıb.

Prezident İlham Əliyev və Rüstəm Minnixanov Ağalı sakinləri ilə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salaməleyküm.

Sakinlər: Salaməleyküm, cənab Prezident, xoş gəlmisiniz.

Rüstəm Minnixanov: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident.

Qadın sakin: Həmişə Siz gələsiniz, xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Necəsiniz? Necə yaşayırsınız?

Sakinlər: Sağ olun, cənab Prezident, Allah Sizə ömür versin. Biz yaxşıyıq, Sizin sayənizdə hər şey yaxşıdır, əladır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə kömək etsin. Biz Sizin sayənizdə burada yaşayırıq. Allah Sizə cansağlığı versin.

Prezident İlham Əliyev: Sağ olun.

Sakinlər: Sağ olun, cənab Prezident. Allah Sizi qorusun!

Prezident İlham Əliyev: Salam, necəsən? Qızım, sən də gəl.

Qadın: Salam, xoş gəlmisiniz. Gəlin, uşaqlar, şəkil çəkdirək.

Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?

Qadın: Mən Bakıdan gəlmişəm.

Prezident İlham Əliyev: Qonaq gəlmisiniz?

Qadın: Bəli, qonaq gəlmişik.

Minnixanov (balaca qıza): Adın nədir?

Qız: Xədicə.

Prezident İlham Əliyev: Bəs sənin adın nədir?

Oğlan: Yusif.

Prezident İlham Əliyev: Nəvələrinizdir. Sənin adın nədir?

Qız: Mələk.

Prezident İlham Əliyev: Necəsən?

Qız: Yaxşıyam.

Qadın sakin: Cənab Prezident, Ağalıya xoş gəlmisiniz. Allah Sizə kömək olsun.

Digər qadın: Cənab Prezident, bu gün bu qızın ad günüdür, onunla bir şəkil çəkdirərsiniz?

Prezident İlham Əliyev: Ad günüdür? Təbrik edirəm.

Qadın: Allah Sizin canınızı sağ etsin ki, bizə bu günləri qismət etdiniz.

Digər Qadın: Cənab Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk. Sizinlə dəfələrlə görüşmüşük, yəqin tanımış olarsınız.

Prezident İlham Əliyev: Çox sağ olun. Bəli, bəli.

Qadın: Ağalıya xoş gəlmisiniz, həmişə Siz gələsiniz. Siz gələndə biz çox sevinirik. Görürsünüz, Sizi uşaqlar da nə qədər çox istəyirlər.

Sakinlər. Allah Sizi var eləsin. Sizinlə fəxr edirik. Bizim Prezidentimiz dünya lideridir.

Qadın: İnşallah, həmişə yolunuz açıq, işiniz uğurlu olsun.

x x x

Söhbət zamanı xatirə şəkilləri çəkdirildi.

2023-06-17