17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

İyulun 3-də ADA Universitetinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “BP Azerbaijan”, “Kolin”, TotalEnergies” və “Мasdar” şirkətlərinin birgə təşkilatçılığı ilə 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, proqrama, ümumilikdə, 56 iştirakçı qatılıb. Onlardan 24-ü yerli, 32-si isə 13 ölkəni təmsil edən xarici iştirakçılardır. Həmin ölkələr sırasına Azərbaycan, Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, İspaniya, Macarıstan, Bolqarıstan, Çin, Yaponiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Nigeriya daxildir.

Açılış mərasimində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz iştirakçıları salamlayıblar.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən tədbirdə qeyd edilib ki, builki yay məktəbinin formatında dəyişiklik həyata keçirilib. Belə ki, proqram ilk dəfə həm Bakıda, həm də Bakıdan kənarda, Qazaxıstanın Aktau şəhərində keçiriləcək.

Çıxışçılar bildiriblər ki, sözügedən proqram neft və qaz ehtiyatları ilə zəngin Azərbaycanın, eyni zamanda, alternativ enerjiyə keçidlə bağlı təcrübəsini xarici ekspertlərlə paylaşmaq üçün əlverişli platformadır.

Rektor Hafiz Paşayev Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən etibarən hər il keçirildiyini xatırladıb. O bildirib ki, proqram yerli və xarici iştirakçılara Xəzər hövzəsi ölkələrinin enerji və ətraf mühit məsələlərinə dair daha dərin məlumat əldə etmələrinə fürsət verir.

Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji və ekologiya məsələlərinin araşdırılması və daha dəqiq tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi və mütəxəssislərini bir araya gətirən və ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır.

Builki proqramda dünyanın bir sıra tanınmış enerji şirkətlərini, səfirlikləri və beynəlxalq təşkilatları təmsil edən dövlət qulluqçuları, habelə enerji və ətraf mühit məsələlərini araşdıran alim və mütəxəssislər iştirak edirlər. Həmin qurumlar sırasına Səudiyyə Ərəbistanın Enerji Nazirliyi və “Saudi Aramco” şirkəti, Türkiyə və Macarıstanın Xarici İşlər nazirlikləri, Yaponiyada yerləşən “MCKINSEY & COMPANY” şirkəti, Dünya Bankı və digərləri daxildir.

Proqram çərçivəsində iştirakçılara enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpa olunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi və enerji geosiyasəti daxil olmaqla geniş mövzuları əhatə edən mühazirələr və interaktiv sessiyalar keçiriləcək. Həmin mövzular müxtəlif akademik qurumların, dövlət və özəl sektorun aparıcı yerli və beynəlxalq ekspertləri tərəfindən tədris ediləcək.

2023-07-03