Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

Prezident İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktorunu qəbul edib

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tatyana Valovaya Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə BMT-ni təmsil etdiyinə görə məmnunluğunu bildirdi və Azərbaycanın Hərəkatda uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı. O, BMT-nin Cenevrə ofisi və Cenevrədə ixtisaslaşmış BMT təşkilatları ilə ölkəmiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.

Tatyana Valovaya BMT-nin Qadınlar Davamlı İnkişaf Məqsədi üzrə təşəbbüsünün inkişaf etdirilməsində Azərbaycanın verdiyi dəstəyi yüksək qiymətləndirdi, Prezident İlham Əliyevin minaların təmizlənməsi üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin yaradılması təşəbbüsünün çox dəyərli və vacib olduğunu vurğuladı. O, BMT çərçivəsində üzv dövlətlərlə birgə bu istiqamətdə müzakirə aparılmasının mümkünlüyünü və önəmini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşkilatın təsisatlanmasına və ölkəmizin multilateralizmə daim böyük əhəmiyyət verdiyini bildirdi, Hərəkatın təsisatlanması istiqamətində ölkəmiz tərəfindən aparılan işlərin, xüsusilə də Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması təşəbbüslərini qeyd etdi. Prezident İlham Əliyev, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində qadın platformasının yaradılması istiqamətində təşəbbüslə çıxış etdiyini vurğuladı. Azərbaycanın Ermənistan işğalından azad edilmiş torpaqlarımızın minalarla çirkləndirilməsi problemi ilə üzləşdiyini qeyd edən dövlətimizin başçısı minaların təmizlənməsinin də Dayanıqlı İnkişaf Məqsədi kimi təsbit olunmasının vacibliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyini və ölkəmizin humanitar minatəmizləmə sahəsində müasir texnologiyalardan səmərəli şəkildə istifadə etdiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, 2020-ci il noyabrın 10-dan sonra 300-dən çox azərbaycanlı mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

Görüşdə BMT sistemində çalışan Azərbaycan vətəndaşlarının mövcud kvotalara uyğun olaraq sayının artırılması məsələsinin vacibliyi də müzakirə edildi.

2023-07-06