XİN: Azərbaycanın bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur

XİN: Azərbaycanın bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur

Laçın yolunun birtərəfli qaydada açılması və erməni sakinlərin qovulması planları barədə iddiaya gəldikdə bildirmək istərdik ki, hazırda erməni sakinlərin “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən hər iki istiqamətdə keçidinə şərait yaradılır və Azərbaycan tərəfinin bölgədə etnik təmizləmə siyasəti həyata keçirməkdə təqsirləndirilməsi absurddur.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasda səsləndirdiyi iddialara dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilib.

Qeyd olunub ki, görünür, 30 ilə yaxın müddətdə nəinki işğal etdiyi Azərbaycan ərazilərindən, hətta 1980-ci illərin sonunadək indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı, kütləvi qırğınlar və etnik təmizləmə həyata keçirən Ermənistan tərəfi hər bir dövlətin eyni yanaşma tətbiq etdiyini və eyni anlayışa sahib olduğunu düşünür.

“Ümidvarıq ki, Ermənistan tərəfi postmünaqişə dövründə bölgədə formalaşmış reallıqları düzgün qiymətləndirəcək və sülhün bərqərar olunması üçün Azərbaycanla danışıqlarda konstruktiv mövqe sərgiləyəcək”, - deyə XİN-in şərhində vurğulanıb.

2023-08-31