Azərbaycan və İsrail parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 4-də İsrail-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri - Evgeni Sova, Osher Şkalim, Tatiana Mazarski və Almoq Kohen ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan və İsrailin dost və tərəfdaş ölkələr olduğu diqqətə çatdırılıb, ölkələrimiz arasındakı fəal siyasi dialoq, yüksək səviyyəli səfərlər və görüşlərin münasibətlərin inkişafında müstəsna rolu vurğulanıb. Eyni zamanda, azərbaycanlıların və yəhudilərin əsrlər boyu sülh, dostluq və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı qeyd edilib.
Görüşdə, həmçinin Azərbaycan və İsrail parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qanunverici orqanlarımız arasında münasibətlərin inkişafında dostluq qruplarının fəaliyyəti, parlament üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti diqqətə çatdırılıb.