UNESCO Qərbi Azərbaycan İcmasının çağırışını müsbət cavablandırıb
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Qərbi Azərbaycan İcmasının çağırışına müsbət cavab verib.
Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması UNESCO ilə predmetli dialoqu çərçivəsində konkret mövzuları təşkilat rəhbərliyinə təqdim etmiş və mədəni irsin qorunması sahəsində icmalara müvafiq rol tanıyan beynəlxalq konvensiyalara uyğun olaraq, potensialın gücləndirilməsi sahəsində UNESCO-nun praktiki yardımlarını xahiş etmişdi.
UNESCO bu günlərdə İcmaya cavab məktubu göndərərək, mədəni irsin qorunması sahəsində İcmanın çağırışına uyğun olaraq müvafiq addımlar atacağını bildirib və potensialın gücləndirilməsi sahəsində dəstək göstərmək barədə İcmanın xahişinə müsbət cavab verib.
İcma Ermənistandakı Azərbaycan mədəni irsinin qorunması ilə bağlı imkanlarının artırılması, o cümlədən müasir metodologiya əsasında mədəni abidələrin reyestrinin aparılması, onların vəziyyətinin qiymətləndirilməsi və bərpası üçün lazım olan addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə praktiki əməkdaşlığı davam etdirəcək.