Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib

Ankarada Ulu Öndərin və Türkiyənin 100 illiyinə həsr olunmuş konfrans təşkil edilib

Ankarada Türk Ağsaqqalları Birliyi - TAİB və Türkiyədəki Azərbaycan İş Adamları Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş, “Türkiyə-Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni yanaşma modeli” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.

Qərbi Azərbaycan İcmasının sədr müavini, Türk Dövlətləri Təşkilatının sabiq baş katibi, deputat Ramil Həsənin moderatorluğu ilə keçirilən konfransda çıxış edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycan-Türkiyə münasibətlərinin davamlılığı, münasibətlərin yeni mərhələyə qədəm qoymasında Ulu Öndər Heydər Əliyevin atdığı tarixi addımlardan bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə iki qardaş ölkə arasındakı proseslər taclandırılıb.

Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Efkan Ala çıxışında iki ölkənin hakim partiyaları arasındakı münasibətlərin inkişafından, birgə layihələrin uğurla davam etməsindən söz açaraq, mövcud əməkdaşlıq əlaqələrinin ölkələr arasındakı münasibətlərə böyük töhfə verdiyini vurğulayıb.

Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydın Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsindən, iki ölkə prezidentinin milli maraqları ehtiva edən birgə xarici siyasətindən geniş bəhs edərək, əlaqələrin inkişafına bundan sonra da dəstək verəcəklərini bildirib.

Daha sonra çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü, professor Rəşad Mahmudov, SETA akademi direktoru, professor Fərhad Pirinççi, Erciyez Anadolu Holdinqin rəhbəri Baki Ertekin, “SOCAR-Türkiye”nin baş direktoru Elçin İbadov Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin bütün Türk dünyasına nümunə olduğunu qeyd edərək, prezidentlər arasındakı sarsılmaz dostluq münasibətlərinin ümumi inkişafa töhfə verdiyini vurğulayıb, əlaqələrin təkcə siyasi müstəvidə deyil, bütün sahələr üzrə dinamik inkişafda olduğunu qeyd ediblər.

Konfransda Türkiyə parlamentinin sədri Numan Kurtulmuşa, Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alaya, AK Parti sədrinin xarici əlaqələr üzrə müavini Zafer Sırakayaya və Milliyyətçi Hərəkat Partiyasının sədr müavini Kamil Aydına Türk Ağsaqqalları Birliyi – TAİB və Türkiyədə Azərbaycan İş Adamları Birliyinin xüsusi plaketləri təqdim olunub.

2023-09-08