Prezident: Transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyəti mühüm əhəmiyyət daşıyır

Prezident: Transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyəti mühüm əhəmiyyət daşıyır

Hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının sentyabrın 15-də Bakıda keçirilən 4-cü iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb.

Məktubda, həmçinin qeyd edilib ki, qlobal və regional təhdidlərin, islamofobiya meyillərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcək.

“Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcək”, - deyə məktubda vurğulanıb.

2023-09-15