Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı Türkiyə mediasına mühüm açıqlamalar verib
Rəcəb Tayyib Ərdoğan Türkiyəyə dönüşü zamanı təyyarədə Naxçıvana səfərinin yekunları ilə bağlı türkiyəli jurnalistlərə Zəngəzur dəhlizi, Azərbaycanın antiterror tədbirləri və digər məsələlərlə bağlı mühüm açıqlamalar verib.
AZƏRTAC Türkiyə KİV-ə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, ilk növbədə, Naxçıvanda ona və Türkiyə hökumətinin nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərlik və diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O deyib: “İyun ayında Bakıya səfərimin ardından bu gün də Türk dünyasına açılan qapımız olan Naxçıvanda olduq. Azərbaycan Prezidenti, hörmətli qardaşım İlham Əliyevlə birlikdə İğdır-Naxçıvan təbii qaz boru kəmərinin təməlini qoyduq. Cəmi 80 min 150 metrlik bu xəttin gündəlik 2 milyon kubmetr nəql həcminə çatdırılmasını nəzərdə tuturuq. Bu layihə naxçıvanlı qardaşlarımızın təbii qaza olan tələbatını tamamilə qarşılayır. Bu gün Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışını da həyata keçirdik. Hazırkı proseslər müdafiə sənayesində yerli və milli istehsalın əhəmiyyətini bir daha göstərdi. İnanıram ki, bu kompleks Naxçıvanın müdafiə qabiliyyətinə mühüm töhfə olacaq. Enerji, nəqliyyat və ictimai bina sahələrində imzalanana üç sazişlə Naxçıvan səfərimizi başa vurduq”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, hər səfər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlığın daha bir addım irəliləməsi onda xoşbəxtlik hissi doğurur. O əlavə edib: “Qardaşım hörmətli İlham Əliyevlə birlikdə keçirdiyimiz görüş əsnasında bir çox ikitərəfli və regional məsələləri müzakirə etmək fürsətimiz oldu. Xüsusən Qarabağ ətrafında son vəziyyətə toxunduq və Azərbaycanın haqlı mübarizəsinə dəstəyimizi bir daha təkrarladıq. Can Azərbaycanımızı antiterror tədbirlərində əldə etdiyi tarixi uğur münasibətilə bir daha təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa tapmalarını arzulayıram. Azərbaycan Ordusu terrorçulara qarşı güzəştsiz, mülki əhaliyə qarşı isə son dərəcə mərhəmətli davrandı. Otuz il əvvəl Qarabağda yaşananlar ilə işğal edilmiş torpaqların azad edilməsi zamanı baş verənlər arasındakı böyük fərq indidən yaddaşlara həkk olunub. Mülki insanların ehtiyacı olan bütün məhsullar, ciddi mənada yük maşınları dolu qida məhsulları bölgəyə çatdırılır. Azərbaycanlı qardaşlarımızın həmin tədbirlərdən sonra mülki əhaliyə münasibətdə göstərdiyi bu insani və vicdanlı hərəkətlə bağlı onları ayrıca təbrik edirəm. Türkiyə bütün mərhələlərdə Azərbaycanın yanında olub”.
Azərbaycana dəstəyini ötən həftə keçirilən BMT Baş Assambleyasında etdiyi çıxışında vurğuladığını diqqətə çatdıran Türkiyənin dövlət başçısı bildirib ki, antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün Qarabağda suverenliyi tam bərqərar olub. O qeyd edib ki, 22 günlük Vətən müharibəsinin ardından bölgədə dayanıqlı sülh və sabitliyin təsis edilməsi yolunda yeni bir fürsət pəncərəsi açılıb. “Bu gözləntimizi sentyabrın 11-də telefon danışığı zamanı Ermənistanın baş naziri Nikol Paşinyana da ifadə etdim. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə və qonşuluq hüququna hörmətlə yanaşıldığı təqdirdə həll edilməyəcək heç bir problem görmürük. Azərbaycanla Ermənistan arasında nizamlanma prosesində irəliləyişin təmin edilməsi regionda normallaşmaya da böyük töhfə verəcək. Cənubi Qafqazda sabitlik, sülh və rifahın bərqərar olması üçün Azərbaycanla birlikdə fəaliyyətimiz davam etdirəcəyik. Səfərimin təkcə ikitərəfli əlaqələrimiz deyil, bütün region üçün faydalı olacağına ümid edirəm”.
Zəngəzur dəhlizi ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan bildirib ki, quru və dəmiryolu marşrutları ilə Naxçıvanı Azərbaycanın digər bölgələri ilə birləşdirən nəqliyyat əlaqələri münasibətləri daha da inkişaf etdirəcək və bu güclü əlaqələr sayəsində bir çox məsələlər üzrə atılan addımlar gələcəkdə öz faydalarını verəcək. O vurğulayıb: “Bu səbəbdən, hər şeydən əvvəl, bu dəhlizin açılması üçün əlimizdən gələn səyləri göstərəcəyik. Türkiyə və Azərbaycan üçün mühüm olan bu dəhlizin açılması strateji məsələdir və mütləq tamamlanmalıdır. Zəngəzur dəhlizi açıldığı vaxt Bakıdan yola düşən bir maşın və ya qatar birbaşa Qarsa gələcək. Türkiyə-Azərbaycan qardaşlığı daha da güclənəcək. Bu məsələdə İrandan müsbət siqnallar daxil olması da sevindiricidir”.
Xocalıda Azərbaycan bayrağının dalğalanmasına münasibət bildirən Rəcəb Tayyib Ərdoğan deyib ki, o, 31 il sonra TRT telekanalında göstərilən və Xocalı soyqırımı zamanı – 9 yaşında doğma evindən didərgin salınan qız kimi sevinc hissi keçirir: “Ən azı həmin balamız kimi biz də o sevincli anları yaşadıq. O qırğının açdığı yaralar dərindir. Təbii ki, həmin faciəni yaşayanlar da, biz də Xocalı qırğınını unutmayacağıq. Ermənistan Xocalı faciəsinin əvəzini ödəyir və ödəyəcək. Çünki Həm Xocalıdan, həm də digər yerlərdən 1 milyon insan didərgin düşdü. Haraya? Azərbaycana. İndi onilliklər sonra Azərbaycan bu qırğının hesabını soruşdu. Çox fərqli şəkildə soruşdu və torpaqlarını geri qaytardı. Məlumdur ki, Amerika, Rusiya, Fransa – Minsk üçlüyü deyilən bu ölkələr illər boyu Azərbaycanın hüququnu tanımadılar. Sonda, Azərbaycan özü öz problemini həll etdi və işi tamamladı. İndi Xocalıda artıq kim var? Xocalının sahibləri...Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, hüzur və sülh gətirmək üçün daxil oldu. Bundan bir çox il əvvəl erməni quldur dəstələrinin girdiyi kimi daxil olmadı. İnsanları qətlə etmək üçün daxil olmadı. Bunu Xocalının layiq olduğu sülhü və hüzuru təmin etmək üçün etdi. Öz torpaqlarında Zəfər müjdəsi vermək üçün daxil oldu. Artıq həm Xocalı, həm də bütün Qarabağ üçün Azərbaycanın suverenliyi altında dayanıqlı sülh və hüzurun vaxtı gəlib çatıb. Ermənistanın vəzifəsi bu hüzurun bərqərar olması və qorunması üçün sülhü dəstəkləməkdir, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan daha sonra bildirib ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının noyabrın 3-də Qazaxıstanda keçiriləcək iclasına Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın da dəvət edilməsini istəyir. O əlavə edib: Sağ olsun, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə qətiyyətlidir. O da ŞKTR bayrağının orada dalğalanmasını istəyir.
Müxbirin Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin onun ərazisindən keçməsinə razı olmayacağı təqdirdə hansı addımların atılacağı ilə bağlı sualına cavab verən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, onda dəhliz vasitəsilə yol İrandan keçəcək və Tehran buna müsbət yanaşır.
Türkiyə Prezidenti jurnalistlərə müsahibəsində vurğulayıb: “Səfərimiz Türkiyə-Azərbaycan qardaşlığının, bir millət, iki dövlət ruhunun bütün dünyaya elan edilməsidir. Bunu BMT kürsüsündən necə car çəkmişiksə, Can Azərbaycanın öz torpağı Şuşadan necə söyləmişiksə, hər yerdə əməlimizlə göstərmişik və indi də göstəririk”.