Azərbaycanın və Qətərin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
Oktyabrın 6-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövlətinin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Qətər Dövləti tərəfindən xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Mureyxi rəhbərlik edib.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, enerji, humanitar, parlamentlərarası əlaqələr sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qətər Dövləti tərəfinə bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, o cümlədən azad olunmuş ərazilərdə aparılan bərpa, quruculuq, reinteqrasiya işləri barədə məlumat verilib.