AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü: İfrat sağçı ekstremizm bütün ölkələrin ahəngdar inkişafına arzuolunmaz maneədir

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü: İfrat sağçı ekstremizm bütün ölkələrin ahəngdar inkişafına arzuolunmaz maneədir

“Hər zaman aktual olan, dünyanın çalxalandığı indiki zamanda vacibliyi daha artıq duyulan belə bir məruzənin Assambleyada müzakirəyə çıxarılması təqdirəlayiqdir. Belə mürəkkəb və çox həssas mövzu ilə bağlı son dərəcə balanslaşdırılmış, məntiqli, məzmunlu bir məruzə hazırlanıb. Bu münasibətlə Komitəyə, eləcə də məruzəçiyə təşəkkür edirəm. Əslində məruzəçi bu mühüm problemi ilk dəfə olaraq məruzə şəkilində təqdim etsə də, onun Parlament Assambleyasındakı uzunillik fəaliyyəti dövründəki müxtəlif çıxışlarında məruzədə indi kompleks halda əksini tapan məqamlar ayrı-ayrı tezislər şəklində dəfələrlə qaldırılıb”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun plenar iclasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun məruzəsi əsasında hazırlanmış qətnamə layihəsinin müzakirəsi zamanı deyib. Bildirib ki, bu yalnız bir məruzə üçün ayrılmış vaxt çərçivəsində yazılan araşdırma deyil:

“Müəllif illərcə bu problemi izləmiş və onun müxtəlif aspektləri ilə əlaqədar müşahidələr aparmışdır. Əlbəttə, bu təsadüfi deyildir. Çünki məruzəçinin də, mənim də Vətənimiz Azərbaycandır. Bu ölkədə isə tarix boyu formalaşmış ənənəyə müvafiq olaraq heç vaxt ksenofobiyaya, başqa dinlərə, dillərə, xalqlara qarşı hər hansı dözümsüzlüyə yer olmayıb. Milli düşüncənin sabit elementinə çevrilmiş həmin vərdiş bu gün də davam etməkdədir, bu isə öz növbəsində çoxdinli, çoxmillətli Azərbaycanın demokratik dəyərlərə yiyələnmək yolunda həmişə mühüm yardımçı vasitəyə çevrilib”.

R.Hüseynov qeyd edib ki, məruzə demokratik dəyərləri, insan haqlarını, qanunun aliliyini ayrı-ayrı ifratçı ideologiyaların zərərli təzyiq və təhdidlərindən qorumaq istiqamətində səyləri artırmağa həsr edilib. Bu məruzə Avropa Şurasının özünü qorumaq yolunda daha bir əhəmiyyətli təşəbbüs sayılmalıdır. Təşkilatın da başlıca məramı və əsas hədəfləri elə bu istiqamətdə aparılan mübarizələrdən ibarətdir.

Azərbaycanlı deputat bildirib ki, bu çağırışlar yalnız AŞPA-nın və Avropanın problemi deyil. İfrat sağçı ekstremizm bütövlükdə dünya, ölkələrdə demokratik təsisatların ahəngdar inkişafına arzuolunmaz maneələrdəndir. Qeyd edib ki, məruzə dünyamızın ləyaqətli yaşayış məkanı olmasına ziyan vura biləcək təmayüllərdən necə qurtulmağın yollarını göstərir. O, məruzəçi ilə razılaşdığını və məruzənin vacib olduğunu diqqətə çatdırıb.

2023-10-10