Rumıniya Senatının sədri: Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyətə dəstəyi göz qabağındadır

Rumıniya Senatının sədri: Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyətə dəstəyi göz qabağındadır

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 10-da Rumıniya parlamenti Senatının sədri Nikolae Çuka ilə görüşüb. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nikolae Çuka bu səfərin iki ölkə, o cümlədən parlamentlərimiz arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. O, Azərbaycan ilə Rumıniya arasında dərin dostluq əlaqələrinin olduğunu qeyd edib, ölkələrimizin bir çox sahələrdə əməkdaşlığını diqqətə çatdırıb.

Nikolae Çuka dövlətlərimiz arasında olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanlar arasında da əməkdaşlığın daha da inkişafı üçün yaxşı imkanlar yaratdığını, parlamentarilərin, dostluq qruplarının təmaslarının önəmini vurğulayıb. Senatın sədri bu səfərin əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr aparmaq baxımından önəmini qeyd edib.

O, müxtəlif vəzifələrdə çalışarkən Azərbaycana səfər etdiyini bildirib və xoş təəssüratlarını bölüşüb.

Nikolae Çuka Azərbaycanla Rumıniya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın daha da inkişafı üçün böyük potensial olduğunu bildirib. O deyib ki, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində beynəlxalq ictimaiyyəti nə qədər dəstəklədiyi göz qabağındadır.

Sahibə Qafarova öz növbəsində bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

2023-10-10