Prezident İlham Əliyevin həyat amalı olan bütöv və güclü Azərbaycan indi reallığa çevrilib

Prezident İlham Əliyevin həyat amalı olan bütöv və güclü Azərbaycan indi reallığa çevrilib

Biz hamımız artıq bütövləşmiş, öz suverenliyini tam bərpa etmiş bir ölkənin vətəndaşı kimi böyük qürur hissi duyuruq. Məhz buna görə hər birimiz şəxsiyyətinin qətiyyətinə, nümayiş etdirdiyi dəmir iradəyə və uzaqgörən strategiyasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.

QHT sədri bildirib ki, Azərbaycan Qarabağ kimi bir dərdə düçar olduğu zaman çox zəif, dağılmış, ümidsiz və sabahı qaranlıq görünən bir məmləkəti xatırladırdı. Müstəqilliyimizin ilk illərində yaşanan faciələr, hakimiyyətsizlik, siyasi böhranla yanaşı, qaçqın və məcburi köçkünlərin ağır durumu həlli dövlətimizin qarşısında duran bir nömrəli məsələ idi. Çünki hər nə qədər ölkə inkişaf etsə və müasirləşsə də, ölkəsində qaçqın və məcburi köçkün həyatı yaşayan xalq heç zaman rahat və xoşbəxt ola bilməz.

“Prezident İlham Əliyev də hakimiyyətə gələn zaman məhz bu prinsipdən çıxış edərək dövləti yönəltməyə başladı. Onun andiçmə mərasimlərində, etdiyi çıxışlarda əsas ana xətt o idi ki, apardığımız uğurlu neft strategiyası, iqtisadiyyatın gücləndirilməsi, güclü dövlət modeli məhz suverenliyimizə, ərazilərimizin bərpasına və bütöv bir Azərbaycanın bərqərar olmasına xidmət etməlidir. Bütöv və güclü Azərbaycan Prezident İlham Əliyev şəxsiyyətinin həyat amalına çevrildi. Onun öz doğum günlərini məcburi köçkünlərlə keçirməsi, əslində, xalqımıza və dünyaya bir mesaj idi ki, biz dövlət, xalq olaraq işğal altındakı torpaqlarımızı azad etmədən, oraya qayıtmadan heç zaman xoşbəxt və rahat yaşaya bilmərik”, - deyə V.Əhmədov qeyd edib.

QHT sədrinin sözlərinə görə, bir çox dövlət başçılarından fərqli olaraq, İlham Əliyev prezidentlik kürsüsünə oturarkən çox yaxşı bilirdi ki, onu keşməkeşli və asan olmayan bir yol gözləyir. Bu yola çıxan zaman Prezident xalqda gələcəyə, sabaha inam və ümid yaratmalı, özünün səbirlə apardığı siyasətə xalqın da səbir və inamla yanaşacağına əmin olmalı idi. Məhz buna görə Prezidentin “nəyi, nə zaman və necə etməyi bilirəm” sözləri indi xalq arasında dillər əzbəri olub və məşhur ifadəyə çevrilib.

Tarix də Prezident İlham Əliyevin nə qədər haqlı olduğunu sübut etdi. Əldə etdiyimiz uğurlar, Azərbaycanın regionda və dünyada güclənərək böyük hörmət sahibinə çevrilməsinin arxasında məhz bu ifadə dayanır. İndi dünyada bizi sevən də, sevməyən də güclü Azərbaycanla hesablaşır və hörmət edir. Haqq işimizdə hər dəfə irəlilədikcə biz dövlətimizə qarşı artan rəğbətin və hörmətin şahidi oluruq. Bunu Prezident İlham Əliyevin hər xarici səfərindən sonra hiss etməmək mümkün deyil.

“İlham Əliyev şəxsiyyəti elə dövlətin özü deməkdir. Əbəs yerə deməyiblər ki, tarix böyük şəxsiyyətlərin bioqrafiyasıdır. Çünki dövlətimizin başçısı heç kimin ağlına gəlməyəcəyi yeni bir reallıq yaratdı, xalqın özünəinamını bərpa etdi və sübuta yetirdi ki, yalnız xalqın dərdi və acıları ilə yaşayan lider qələbə çala bilər. Bu gün dünyada Azərbaycan dövlətinə qoyulan hörmət məhz Prezident İlham Əliyev şəxsiyyətinə olan ehtiramdan irəli gəlir. Çünki son 200 ilin güclü və ədalətli dövlət modelini məhz İlham Əliyev şəxsiyyəti formalaşdıra bildi. Biz bu gün dövlətçilik tariximizin ən güclü dövrünü yaşayırıq və buna görə də İlham Əliyev şəxsiyyətinə minnətdar olmalıyıq”, - deyə Vüqar Əhmədov vurğulayıb.

2023-10-21