Baş nazir Əli Əsədov Bakıda keçirilən 3-cü DİM Dialoqunun iştirakçıları ilə görüşüb
Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Bakıda “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin nəticələri və DİM-lərin həyata keçirilməsində ali audit qurumlarının rolu” mövzusunda keçirilən 3-cü DİM Dialoqunda iştirak edən ali audit qurumlarının rəhbər şəxsləri ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ə.Əsədov 3-cü DİM Dialoqunun əhəmiyyətini vurğulayaraq onu Azərbaycanın DİM-lərə nail olunması istiqamətində əldə etdiyi irəliləyişlərlə tanış olmaq, həmçinin bu prosesin qiymətləndirilməsində ali audit qurumlarının rolunu nəzərdən keçirmək üçün yaxşı fürsət kimi dəyərləndirdi.
Azərbaycan Hökumətinın BMT ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Baş nazir DİM üzrə öhdəliklərin həyata keçirilməsinin ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissələrindən biri olduğunu bildirdi.
Diqqətə çatdırdı ki, DİM-lərin icrası ilə bağlı səmərəli milli icra mexanizminin formalaşdırılmasına ehtiyac olduğu nəzərə alınaraq, 2016-cı ildə Azərbaycan Prezidenti tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb.
Ötən dövrdə ölkəmizdə DİM-lərə nail olunması istiqamətində mühüm işlərin görüldüyünü deyən Ə.Əsədov Azərbaycanın DİM-lərin icrası üzrə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna 3 dəfə Könüllü Milli Hesabat təqdim edən regionda ilk və dünyada 10 ölkədən biri olduğunu bildirdi.
Diqqətə çatdırıldı ki, Azərbaycan Hökuməti DİM-lərin həyata keçirilməsində, o cümlədən ayrılmış vəsaitlərin məqsədyönlü istifadəsi, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində ali audit qurumlarının roluna böyük əhəmiyyət verir. Bu məsələ cari ilin mart ayında Milli Əlaqələndirmə Şurası tərəfindən qəbul edilmiş Fəaliyyət Planında öz əksini tapmışdır.
Bildirildi ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun cari ilin mart ayında Bakıda keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü irəli sürülüb. Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətləri özündə ehtiva edən bu DİM-in Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa işlərinin aparılması və həmin ərazilərə təhlükəsiz qayıdışın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Azərbaycanın mina və digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğu diqqətə çatdırılaraq, İkinci Qarabağ müharibəsi başa çatandan sonra 300-dən çox hərbi və mülki vətəndaşımızın minadan həlak olduğu və ağır yaralandığı qeyd edilib.
Görüşdə DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu müzakirə olunub.