Volodimir Buqrov: Hazırda Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Volodimir Buqrov: Hazırda Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir

Azərbaycan ilə Ukrayna arasında müasir münasibətlərin əsasının məhz Heydər Əliyevin prezidentliyi dövründə qoyulması danılmaz faktdır.

AZƏRTAC xəbər verir ki, bunu Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Onun Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmlənməsində rolu” adlı dəyirmi masada çıxışı zamanı universitetin rektoru Volodimir Buqrov söyləyib.

Rektor bildirib ki, Heydər Əliyev ukraynalıların xatirələrində və Azərbaycan-Ukrayna münasibətlərinin tarixində həmişəlik mühüm şəxsiyyət olaraq qalıb.

“Heydər Əliyev özündən sonra Prezident İlham Əliyev kimi layiqli övlad və davamçı qoyub. Bunu Azərbaycanın bu yaxınlarda ərazi bütövlüyünü bərpa etməsi də təsdiqləyir. Prezident İlham Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin gücü Qələbənin və ölkənin gələcək təhlükəsizliyinin açarı oldu. Beləliklə, hazırda Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Bu uğurların əsasını ölkəyə mahir rəhbərlik, düşünülmüş daxili və xarici siyasət təşkil edir. Prezident İlham Əliyev öz atasının və bütün Azərbaycan xalqının ümidini və etimadını doğrultdu”, - deyə Volodimir Buqrov əlavə edib.

V.Buqrov qeyd edib ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünü həmişə dəstəkləyib.

Rektor Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə, müdafiə zamanı ölkəsinə göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdarlıqlarını bildirib.

2023-10-31