Ali Radanın deputatı: Heydər Əliyev Ukrayna xalqı üçün çox işlər görüb

Ali Radanın deputatı: Heydər Əliyev Ukrayna xalqı üçün çox işlər görüb

Heydər Əliyev dost Azərbaycan-Ukrayna münasibətlərinin banisi, müasir Azərbaycanın memarıdır. Azərbaycan apardığı uğurlu xarici siyasət sayəsində bir çox dövlətlərin, xüsusilə də Ukraynanın strateji tərəfdaşıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Taras Şevçenko adına Kiyev Milli Universitetində “Heydər Əliyevin 100 illiyi. Azərbaycan-Ukrayna dostluq əlaqələrinin möhkəmlənməsində onun rolu” adlı dəyirmi masada çıxışı zamanı Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Valeriy Kolyux söyləyib.

“Azərbaycanla Ukrayna arasında sıx dostluq əlaqələri Kiyevlə Bakının diplomatik münasibətlərinin rəsmən qurulmasından xeyli əvvəl yaranıb. İki xalq arasında çoxdan dərin və ənənəvi dostluq mövcuddur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Ukrayna xalqına həmişə xüsusi hərarət və diqqətlə yanaşıb. Hələ SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən Ukrayna üçün çox işlər görüb. O, Ukraynada bir sıra iri sənaye müəssisələrinin, fabriklərin, mədəniyyət və idman komplekslərinin tikintisinə kömək göstərib.

Xüsusilə onun bilavasitə iştirakı ilə Kiyevdə Milli Filarmoniyanın bərpası üçün vəsait ayrılıb. Ulu Öndərin təşəbbüsü ilə Obolon zavodu və uşaq qidası fabriki tikilib. Kiyev metrosunun ən yüksək səviyyədə inşasında onun şəxsi dəstəyi vacib rol oynayıb”, - deyə Valeriy Kolyux əlavə edib.

Deputat bildirib ki, Heydər Əliyev Çernobıl faciəsindən sonra Ukraynaya xüsusi diqqət yetirdi, zərərçəkənlər üçün mənzil tikintisi məqsədilə ölkəyə əlavə vəsait ayrıldı.

“Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti dövründə ölkələrimiz arasında uzunmüddətli perspektivə malik iqtisadi, ticarət, mədəni, elm, təhsil və humanitar sahələrdə hüquqi bazanın yaradılmasının və münasibətlərin tənzimlənməsinin əsasını qoyub. Bu layihələrin həyata keçirilməsi üçün 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-a yaxın saziş, müqavilə və protokol imzalanıb.

Xüsusilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi üzrə ilk iri müqavilə imzalanıb. 1997-ci ilin martında imzalanmış Azərbaycan və Ukrayna arasında neft və qaz sənayesində əməkdaşlıq haqqında Memorandum gənc müstəqil dövlətlər arasında neft-qaz sahəsində gələcək strateji əməkdaşlığın hüquqi əsası oldu. Azərbaycan və Ukrayna arasında azad ticarət, ticarət-iqtisadi əməkdaşlıq və dəstək haqqında razılaşmalar əldə olunub.

Ukrayna və Azərbaycan arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlığa təkan verən azərbaycanlıların Azərbaycandan kənarda hazırlanması proqramı təqdim edilib”, - deyə deputat qeyd edib.

Valeriy Kolyux diqqətə çatdırıb ki, bu gün Azərbaycan və Ukrayna həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlıq edir, beynəlxalq platformalarda bir-birinə qarşılıqlı dəstək verir və Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin başladığı yolu davam etdirirlər.

2023-10-31