Azərbaycanın və Türkiyənin XİN başçıları regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini müzakirə ediblər
Dekabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Geniştərkibli görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari vəziyyət, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə 2023-cü ildə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin, qardaş Türkiyədə isə Cümhuriyyətin 100 illik yubileyinin qeyd edilməsi fonunda iki ölkə arasında bütün səviyyələrdə təmaslarımızın daha intensiv, daha məhsuldar xarakter aldığı vurğulanıb.
Çoxşaxəli və zəngin Azərbaycan-Türkiyə strateji müttəfiqlik gündəliyinin cari vəziyyətindən məmnunluq ifadə edilib, siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və digər sahələr üzrə münasibətlərin tarixi yüksəliş mərhələsində olduğu bildirilərək, Şuşa Bəyannaməsinin bu xüsusda mühüm zəmin olduğu qeyd olunub.
Habelə beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı tərəfdaşlığın nümunəvi xarakter daşıdığı diqqətə çatdırılıb. Çoxtərəfli platformalarda, o cümlədən BMT və onun təsisatları, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri ilə üçtərəfli və dördtərəfli formatlar çərçivəsində birgə tədbirlərin intensivliyinin artırılmasının, yeni çoxtərəfli təşəbbüslərin irəli sürülməsinin əhəmiyyətindən söz açılıb.
Nazirlər, həmçinin bölgəmizdə sabitliyin qorunmasında Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin vacib roluna toxunub, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bu gün bölgədə tarixi məqamın yarandığını, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınmasının və bu kimi təməl prinsiplərə hörmətlə yanaşılmasının bölgədəki davamlı sülh, sabitlik və firavanlığa aparan yeganə yol olduğunu bir daha bəyan ediblər.
Görüşdə nazir Ceyhun Bayramov həmkarını Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanın 30 illik işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş vətəndaşlarımızın geri qayıdış prosesi, habelə Azərbaycan Ermənistan arasında etimad quruculuğu istiqamətində atılan son addımlar barədə məlumatlandırıb.
Nazir işğaldan azad edilmiş ərazilərdə fəaliyyətlərində Türkiyə tərəfinin aktiv iştirakının yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlərin iştirakı ilə keçirilmiş mətbuat brifinqində görüşün nəticələrinə dair bəyanatlar səsləndirilib, jurnalistlərin sualları cavablandırılıb.