Dmitri Peskov Bakı ilə İrəvan arasında sülh sazişinə hazırlığın gedişatını şərh edib

Dmitri Peskov Bakı ilə İrəvan arasında sülh sazişinə hazırlığın gedişatını şərh edib

Bakı və İrəvan sülh sazişini yekunlaşdırmağa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

MDB ölkələrinin qeyri-formal sammitində “münaqişə tərəflərinin” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etməsi ilə bağlı sualı cavablandıran D. Peskov deyib: “Onlar münaqişə tərəfləri deyillər, onlar vahid sənəd üzərində razılığa gəlməyə tam hazır olduqlarını bildirirlər, sülh danışıqlarını vahid sənəd üzərində tamamlamağa, sülh sazişini yekunlaşdırmağa hazır olduqlarını ifadə edirlər. Burada heç bir risk yoxdur”.

D.Peskov əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın MDB ölkələrinin Sankt-Peterburqda keçirilən qeyri-formal sammitindəki görüşü sülh sazişinə hazırlıq görən iki liderin dialoqunun dəstəklənməsi fürsətidir.

Onun sözlərinə görə Rusiya, həmçinin bu hazırlıq prosesinə kömək etməyə hazırdır. “Biz öz vasitəçiliyimizi qəbul etdirməkdə israrlı deyilik, lakin sözsüz ki, bizim təkcə MDB çərçivəsində yox, həm də inkişaf etmiş ikitərəfli münasibətlər müstəvisində iki tərəfdaşımızın ən qısa vaxt ərzində sülh sazişi imzalaması bizim üçün çox vacibdir. Bu, Qafqazda bizim üçün mühüm olan sülh atmosferini, sabitliyi və gələcəklə bağlı müəyyənliyi təmin etmiş olar”, – deyə Kremlin sözçüsü vurğulayıb.

2023-12-26