Elçin Əmirbəyov “Le Monde”yə danışıb: Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir

Elçin Əmirbəyov “Le Monde”yə danışıb: Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir

Fransa Azərbaycanın qələbəsini heç bir vəchlə həzm edə bilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsi ilə bağlı məqalənin müəllifi, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib.

O qeyd edib ki, hazırda müşahidə olunan ikitərəfli münasibətlərin pisləşməsi Ermənistan-Azərbaycan qarşıdurmasında Fransanın tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqeyi ilə bağlıdır.

Artıq uzun illərdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi, son zamanlar isə həm də hərbi dəstək verən Fransa özünün ziyanverici fəaliyyəti ilə Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunmasının perspektivlərinə zərbə vurur.

BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı və onun təsisatları kimi müxtəlif beynəlxalq platformalardan açıq-aşkar anti-Azərbaycan təşəbbüslərinin həyata keçirilməsi məqsədilə bir alət qismində istifadə edilməsi təkcə Fransanın onsuz da şübhəli olan potensial vasitəçi reputasiyasını tamamilə məhv etməyib, həm də Parisə qabaqcıl rollardan birini ayıran Avropa İttifaqının özünə münasibətdə Bakının etimadına ciddi zərər verib.

E.Əmirbəyov vurğulayıb ki, İrəvana ölümcül silahların tədarükü Cənubi Qafqaz regionunda sabitliyi pozur və təhlükəsizliyə zərbə vurur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanmaya sürükləyir və Ermənistan ilə Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni şəkildə uzaqlaşdırır.

E.Əmirbəyov sonda deyib: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa etmiş, Qarabağda və özünün digər ərazilərində otuzillik erməni işğalına son qoymuş Azərbaycanın qələbəsini həzm edə bilmir”.

2023-12-29