XİN-də 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

XİN-də 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib

Dekabrın 28-də Xarici İşlər Nazirliyində (XİN) 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Xarici İşlər Nazirliyinin rəhbər heyəti, yerli və xarici media nümayəndələri iştirak ediblər.

Tədbirdə 2023-cü il ərzində xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, ölkəmizin iqtisadi, humanitar diplomatiya və beynəlxalq yardım fəaliyyətləri, postmünaqişə dövründə göstərilən diplomatik səylər, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının qorunması üzrə işlər, xarici siyasətin informasiya təminatı ilə bağlı təşkil olunan tədbirlər, analitik iş və kadr məsələləri ilə bağlı geniş məlumat verilib.

Nazir Ceyhun Bayramov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi 2023-cü ilin onun banisi olduğu, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimiz üçün uğurlu və zəngin keçdiyini bildirib.

İl ərzində qonşu dövlətlər, o cümlədən Asiya, Avropa, Amerika və Afrika ölkələri ilə təmasların intensivləşdiyi, bu istiqamətdə 44 ölkə ilə müxtəlif sahələr üzrə 161 sənədin imzalandığı, 25 dövlət ilə siyasi məsləhətləşmələrin keçirildiyi diqqətə çatdırılıb. 2023-cü il ərzində ölkəmizin Qoşulmama Hərəkatı, BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA), İqtisadi Əməkdaşlıq Təşkilatına uğurla sədrlik etdiyi, habelə digər regional və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirdiyi bildirilib. Növbəti il üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) 29-cu Tərəflər Konfransına (COP-29) ev sahibliyi üçün Azərbaycanın namizədliyinin təsdiq olunduğu xüsusi qeyd edilib.

İqtisadi diplomatiya sahəsi üzrə cari ildə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminində və tranzit daşımalarında oynadığı rolun artdığı bildirilib.

Humanitar diplomatiya istiqaməti üzrə mina təhdidi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlərin görüldüyü diqqətə çatdırılıb.

Beynəlxalq inkişafa yardım sahəsində il ərzində qardaş Türkiyədə baş vermiş dağıdıcı zəlzələ, Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar ölkəmiz tərəfindən göstərilən humanitar yardımlar, ölkəmizin beynəlxalq yardım proqramları barədə tədbir iştirakçıları ətraflı məlumatlandırılıb.

Postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyinin irəlilədilməsi, habelə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısının alınması məqsədilə tərəfimizdən əməli addımların atıldığı vurğulanıb.

Təmasların dinamikasına baxmayaraq, Ermənistanın öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası ilə məşğul olmasının prosesdə irəliləyişə mane olduğu diqqətə çatdırılıb.

Bununla belə, sentyabrın 19-20-də aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın ərazilərimizdəki qeyri-qanuni hərbi mövcudluğuna son qoyulması ilə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində tarixi imkanın yarandığı bildirilib.

Nazir Ceyhun Bayramov 2023-cü ildə də Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı ərazilərimizdə törətdiyi cinayətlərə görə beynəlxalq hüquqi məsuliyyətinin təsbit edilməsi istiqamətində işlərin davam etdirildiyini deyib.

İl ərzində vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması, xarici ölkələrdə hərbi münaqişə, təbii fəlakət və digər böhran halları ilə əlaqədar təxliyəsi, habelə onlara göstərilən konsulluq xidmətlərinin inkişaf etdirilməsi istiqamətində əməli addımların atıldığı qeyd edilib.

“Heydər Əliyev İli” çərçivəsində Xarici İşlər Nazirliyi, o cümlədən 80-dən çox diplomatik nümayəndəliyimiz tərəfindən müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.

İştirakçılara, həmçinin Xarici İşlər Nazirliyinin kadr təminatı prosesinin təkmilləşdirilməsi məqsədilə görülən işlər və XİN-də həyata keçirilən müsabiqə prosesi barədə ətraflı məlumat verilib.

2023-12-28