Prezident İlham Əliyevin Azərbaycanın televiziya kanallarına müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Azərbaycanın televiziya kanallarına müsahibəsi Gürcüstan mediasının diqqət mərkəzindədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi Gürcüstan KİV-lərinin diqqət mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, “newsday.ge”, “newsday.ge”, “qafqazturk.com”, “realnews.ge”, “aktual.ge”, “interpress.ge”, “24news.ge” informasiya portalları, “Marneuli FM” radiosu Azərbaycan Prezidentinin müsahibəsindən materiallar dərc edib, xəbərlər yayımlayıblar.

AZƏRTAC-a istinadla Azərbaycan, rus və gürcü dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin Azərbaycanın bu gün sürətlə inkişaf edərək dünyanın ən güclü dövlətləri sırasında olması fikri xüsusi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqının düzgün seçim etdiyi 2003-cü il ölkəmizin müstəqil tarixində ən həlledici məqam olub.

Materiallarda fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri barədə dövlətimizin başçısının fikirləri də oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, seçkiləri şərtləndirən ilk növbədə, sentyabr hadisələrindən sonra Azərbaycanda yeni dövrün başlanmasıdır.

Bundan başqa, materiallarda Zəngəzur dəhlizinin açılmasının vacibliyinə toxunularaq, Azərbaycan Prezidentinin bu barədə sözləri təqdim olunub: “Əgər bu dəhliz açılmasa, Ermənistan əbədi dalan kimi qalacaq və əgər dediyim marşrut (Zəngəzur dəhlizi – red.) açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Xəbərlərdə Azərbaycan Prezidentinin müsahibəsində diqqət çəkən məqamlardan birinin də ölkəmizə qarşı ikili standartlardan çıxış edən müəyyən qüvvələrlə bağlı olduğu vurğulanıb. Bu barədə yazılarda Prezident İlham Əliyevə aşağıdakı fikirlərinə istinad olunub: “Bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri bu məqsədi daşıyır ki, bizi daim təzyiq altında saxlasınlar. Bu, bizi bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada da Fransa yenə də ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”.

2024-01-11