Azərbaycanın XİN rəhbəri Fransa ilə münasibətlərdən danışıb
Fransa ilə Azərbaycan arasında olan münasibətlər tarixi mövqedən baxdıqda hazırda ən aşağı səviyyədədir. Hər kəs açıq şəkildə görə bilər ki, münasibətlərin pisləşməsinin əsas səbəbkarı Azərbaycan tərəfi deyil.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan tərəfi Fransa ilə münasibətləri böhran səviyyəsinə çatdırmaq üçün heç bir təşəbbüs irəli sürməyib.
“Təəssüf ki, qəbul edilməyən münasibətlərin təşəbbüskarı həmişə Fransa olub. Bəzi hallarda bu kimi proseslər Fransa tərəfindən açıq bəyanatlar, ölkəmizə qarşı təhdid və hədə elementlərini özündə ehtiva edən açıqlamalardan ibarətdir. Bir çox hallarda Azərbaycan ictimaiyyəti bunlar barədə məlumatlı olmur. Tam məsuliyyətlə qeyd edə bilərəm ki, müxtəlif platformalarda örtülü şəkildə ölkəmizə qarşı aparılan sistemli işin arxasında dayanan əsas ölkə məhz Fransadır. Bu addımları atan ölkəyə qarşı da Azərbaycan adekvat cavab verəcək. Fransa atdığı addımların yanlış olduğunu nə zaman bildirərsə, biz o zaman onu dəyərləndirərik”, - deyən nazir Fransanın gec-tez bu qənaətə gələcəyinə ümidvar olduğunu bildirib.