Milli Məclisin sədri Sahibə Qafarova Bəhreynin Nümayəndələr Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova fevralın 21-də Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sahibə Qafarova xalqlarımızın ortaq dini və mədəni dəyərlərinin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət töhfə verdiyini, Azərbaycanla Bəhreynin bir sıra sahələrdə uğurla əməkdaşlıq etdiklərini bildirib.
Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasının uğurla keçiriləcəyinə inamını ifadə edən Bəhreynin Nümayəndələr Məclisinin sədri bu təşkilatın birgə əməkdaşlıq üçün yaxşı platforma olduğunu vurğulayıb.
Prezident seçkilərində inamlı qələbə münasibətilə dövlətimizin başçısı İlham Əliyevə təbriklərini çatdıran Əhməd bin Salman Əl-Musalam ölkəsinin Azərbaycanla əlaqələrin bütün sahələrdə daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.
Görüşdə Azərbaycan və Bəhreynin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində müsbət əməkdaşlıq əlaqələrinə malik olduğu diqqətə çatdırılıb. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edən Nümayəndələr Məclisinin sədri vurğulayıb ki, bu sədrlik təşkilatın inkişafında mühüm rol oynayıb.
S.Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının ölkəmizin qlobal əməkdaşlığa daha bir töhfəsi olduğunu bildirib. Qeyd edib ki, Parlament Şəbəkəsi parlamentlərarası əməkdaşlığı təşviq etmək üçün mühüm platformaya çevrilməkdədir. O, Bəhreynin təşkilatda fəal təmsil olunmasından məmnunluğunu ifadə edib.
Görüşdə ölkələrimizin parlamentləri arasında da münasibətlərə dair fikir mübadiləsi aparılıb. Bu istiqamətdə əlaqələri daha da dərinləşdirmək üçün yaxşı potensialın olduğu qeyd edilib, o cümlədən parlament komitələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.