Azərbaycan karateçisi Parisdə keçirilən turnirdə bürünc medal qazanıb

Azərbaycan karateçisi Parisdə keçirilən turnirdə bürünc medal qazanıb

Azərbaycan karateçisi Rafiz Həsənov Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirində bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, yarışda 67 kiloqram çəki dərəcəsində iştirak edən Rafiz Həsənov üçüncü yer uğrunda döyüşdə braziliyalı Vinisius Fiqueyraya qalib gəlib.

Komandamızın digər üzvü İrina Zaretska (68 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. O, həlledici döyüşdə misirli Feryal Abdelazezlə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycanı kumite və kata yarışlarında 15 idmançı təmsil edir.

Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.

Fransadakı turnirdə 92 ölkədən 703 karateçi mübarizə aparır. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, Olimpiya xalları da qazanacaqlar.

Karate 1 Premyer Liqa turnirinə yanvarın 26-da yekun vurulacaq.

2020-01-26