Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə

Azərbaycan-Qazaxıstan münasibətləri ən yeni mərhələdə

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır.

AZƏRTAC dərin köklərə malik Azərbaycan-Qazaxıstan münasibətlərinə bir daha qısa nəzər salır.

Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır (onların üçdəbir hissəsi Türküstan vilayətində). Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər.

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstana son səfəri 2023-cü il noyabrın 2-də olub. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak edib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev isə ötən il noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə işgüzar səfərdə olub.

Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib.

İkitərəfli əlaqələrə gəldikdə qeyd etmək yerinə düşər ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

Onu da qeyd edək ki, Qazaxıstanda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli film çəkilib və nümayiş etdirilib. Bu, qazax xalqının Ümummilli Liderə verdiyi böyük dəyərin daha bir göstəricisidir.

Qeyd: Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli filmdə Qazaxıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafında Ümummilli Liderin xidmətlərindən bəhs edilir. Ekran əsərində hər iki ölkənin siyasi, dövlət və ictimai xadimlərinin Ulu Öndərlə bağlı xatirələri əksini tapıb. Müəllifi jurnalist Asimə Nurbayevna olan filmin çəkilişləri Astana, Aktau və Bakıda aparılıb.

İki ölkənin dostluq münasibətlərinə malik olmasını nümayiş etdirən məqamlardan biri də Qazaxıstanda Ulu Öndərin adını daşıyan küçənin olmasıdır. Belə ki, paytaxt Astananın mərkəzi küçələrindən biri xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır.

Xatırladaq ki, Qazaxıstan Respublikası Hökuməti yanında Onomastik Komissiyanın ötən il yanvarın 17-də keçirilən iclasında Astana şəhərinin Yesil rayonunda yerləşən küçələrdən birinə Ümummilli Lider Heydər Əliyevin adının verilməsi barədə yekun qərar qəbul olunub. Sözügedən küçə Astana şəhərinin yeni salınmış, müasir bina, ticarət mərkəzi, konqres mərkəzi, mehmanxanaların və digər ictimai-iaşə obyektlərinin yerləşdiyi ərazidədir. Küçənin başında botanika bağı yerləşir. 2023-cü il aprelin 10-da hər iki ölkə prezidentinin - İlham Əliyevin və Kasım-Jomart Tokayevin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib.

Bundan əlavə, L.N.Qumilyov adına Avrasiya Milli Universitetindəki Heydər Əliyev adına auditoriya Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən yenidən qurulub, son texnoloji avadanlıqlarla təchiz olunub.

İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır.

Yenidən Prezident seçilən İlham Əliyev bu il fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində diqqəti Türk dünyası ilə bağlı ölkəmizin siyasətinə yönəldib: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir”. TDT-nin Azərbaycan üçün əsas beynəlxalq təşkilat olduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub.

Eyni zamanda, ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. İndiyədək Azərbaycanla Qazaxıstan arasında 150-yə yaxın sənəd imzalanıb. Bu normativ-hüquqi baza tədricən daha da genişlənir və təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb. Bu sənədlər arasında “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” (2004-cü il 1 mart, Astana), “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” (2005-ci il 24 may, Bakı), “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” (2022-ci il 24 avqust, Bakı) xüsusi vurğulanmalıdır.

Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.

Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.

Bununla bağlı vurğulamaq yerinə düşər ki, 2022-ci il sentyabrın 28-də “AzərTelecom” və “Kazakhtelecom” telekommunikasiya şirkətləri arasında Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına 1999-cu ildə yaradılmış Ticari-İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya da mühüm töhfə verir. Komissiyanın indiyədək 20 iclası keçirilib. Sonuncu iclas isə bu ay Astanada baş tutub.

Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir.

Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.

Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi ötən il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.

Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr bütün sahələrlə yanaşı, enerji sektorunda da uğurla inkişaf edir. SOCAR ilə “KazMunayGaz” arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Qarşılıqlı səmərəli əməkdaşlıq, neftin emalı, tranziti, ticari-iqtisadi münasibətlər Azərbaycanın sürətli inkişafına təkan verərək onu regional enerji mərkəzinə çevirib.

Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Belə ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar. AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında da əməkdaşlıq edirlər.

Azərbaycan və Qazaxıstanın milli xəbər agentlikləri 1992-ci ildə TKA-nın (Türkdilli xəbər agentlikləri) həmtəsisçiləri olublar.

Ölkələrimiz arasında təhsil sahəsində də əməkdaşlıq mövcuddur. 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumata əsasən, Azərbaycanda 87 Qazaxıstan vətəndaşı təhsil alır. Bakı Dövlət Universitetində müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına Qazax Mərkəzi, Qazaxıstanda isə L.Qumilyov adına Avrasiya Milli Universitetində Heydər Əliyev adına auditoriya, Ş.Y.Yesenov adına Kaspi Dövlət Texnologiya və Mühəndislik Universitetində “Azərbaycan Respublikasının tarixi və mədəniyyətinin tədqiqatı Mərkəzi” fəaliyyət göstərir.

Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.

2024-03-11