Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

AZƏRTAC xəbər verir ki, Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik etdi.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirdi.

Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olundu, bu xüsusda əməkdaşlıq məsələlərinə toxunuldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirildi, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulandı. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.

Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulandı. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edildi.

Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olundu.

2024-03-13