Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Baş nazirin müavini Şahin Mustafayev Çinin Azərbaycandakı səfiri ilə görüşüb

Aprelin 3-də Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Çin Xalq Respublikasının səfiri xanım Qo Min ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Çin əlaqələrinin inkişaf dinamikasından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi-ticari, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb.

Ş.Mustafayev ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfir Q.Minə təşəkkür edib, gələcək diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.

2024-04-03