Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 26-da Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Annalena Berbok “Petersberq İqlim Dialoqu” çərçivəsində aparılmış müzakirələrin vacibliyini və Prezident İlham Əliyevin bu əsnada çıxışını qeyd etdi. O, COP29-la əlaqədar Almaniya ilə Azərbaycanın müvafiq heyətləri arasında sıx əməkdaşlığın olduğunu və mütəmadi əsasda məsləhətləşmələrin aparıldığını müsbət hal kimi qiymətləndirdi. Almaniyanın Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün bundan sonra da səylərini davam etdirəcəyini dedi.

Azərbaycan Prezidenti COP29-la əlaqədar Almaniya ilə əməkdaşlığa və “Petersberq İqlim Dialoqu” formatındakı müzakirələrə dəvətə görə bir daha təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi prosesi Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin tərkibi olaraq ərsəyə gəlib.

Annalena Berbok Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini bundan sonra da dəstəkləyəcəyini vurğuladı.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kanslerinin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında keçirilmiş görüşün önəmini qeyd etdi, bu görüş çərçivəsində aparılmış müzakirələrin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə ciddi təkan verdiyini bildirdi.

Dövlətimizin başçısı Almaniya xarici işlər nazirinin dəstəyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında sülh müqaviləsi üzrə danışıqların aparıldığını vurğuladı, bunun sülh müqaviləsi üzrə danışıqların irəli aparılması üçün vacib addım olduğunu dedi.

Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar və dialoq vasitəsilə sərhədlərin delimitasiyası, hətta demarkasiyası sahəsində əldə olunmuş uğurları müsbət addım kimi qiymətləndirdi, regionda sabitliyin artıq təmin olunduğunu qeyd etdi.

Azərbaycanın sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini deyən Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinə sadiq olduğunu vurğuladı.

Dövlətimizin başçısı Qazaxıstan tərəfinin təklifi ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində növbəti görüşün Qazaxıstanda keçiriləcəyini dedi.

2024-04-26