Prezident İlham Əliyev İran Prezidentinin və digər müşayiət edən şəxslərin həlak olmaları ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran Prezidentinin və digər müşayiət edən şəxslərin həlak olmaları ilə bağlı İranın Ali Rəhbərinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd olunub: “Dost və qardaş İran İslam Respublikasına və xalqına üz vermiş ağır itki - İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması xəbəri bizi olduqca sarsıtdı. Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır”.

Dövlətimizin başçısı bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyib, kədərinə şərik olduğumuzu bildirib, İranın Ali Rəhbərinə, həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

2024-05-20