Türkiyəli ekspert: Ermənistan konstitusiyasının mətni və delimitasiya prosesinin natamam olması Bakı ilə İrəvan arasında sülhü ləngidir

Türkiyəli ekspert: Ermənistan konstitusiyasının mətni və delimitasiya prosesinin natamam olması Bakı ilə İrəvan arasında sülhü ləngidir

Ermənistan konstitusiyasının hazırkı mətni və dövlət sərhədinin delimitasiya prosesinin başa çatmaması Azərbaycan ilə Ermənistan arasında sülhə nail olunmasının qarşısında duran əsas əngəllər sırasında yer alır. 

AZƏRTAC xəbər verir ki, bu fikri Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) analitiki Tuğçe Tecimer Cənubi Qafqazda sürətli və uzunmüddətli sülh perspektivlərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadla təsbit olunmuş Qarabağın Ermənistana birləşdirilməsi bəndi Azərbaycanın ərazi bütövlüyünə birbaşa təhdiddir. “Konstitusiya bütün digər normativ hüquqi aktların və ümumilikdə dövlət siyasətinin əsasını təşkil edən sənəddir. Ona görə də Azərbaycanın özünə qarşı ərazi iddiaları ehtimalını istisna etmək istəməsi təbiidir”, -deyə Tecimer qeyd edib.

Türkiyəli analitik Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə Konstitusiyasının yenilənməsi zərurəti ilə bağlı sözlərinə müxalifətin və kilsənin mənfi reaksiyasına diqqət çəkib.

Sülh prosesinin qarşısında duran başqa bir maneə - delimitasiya prosesinin natamam olması barədə danışan AVİM-in eksperti dəqiq sərhəd xəttinin yeni toqquşmaların qarşısını alacağını və regionda təhlükəsizliyi gücləndirəcəyini bildirib.

Tecimer erməni kilsəsinin Azərbaycanla razılaşmalara qarşı olduğunu da diqqətə çatdırıb. O vurğulayıb: “Kilsənin mövqeyi diaspor tərəfindən Ermənistan hakimiyyətinə qarşı yeni tənqid dalğası üçün təkan oldu. Bütün bunlar son nəticədə danışıqlar prosesini ləngidir”.

Ekspert hesab edir ki, İrəvanla Bakı arasında sülhün əldə olunması bütün region üçün xüsusi əhəmiyyət kəsb etsə də, razılaşmaların qarşısında duran maneələrin hamısının tezliklə aradan qaldırılması ehtimalı azdır. “Amma bütün bunlara baxmayaraq, hər iki dövlətin beynəlxalq hüquq əsasında və regionun maraqlarını nəzərə alaraq danışıqları davam etdirməsi çox vacibdir”, -deyə türkiyəli analitik qeyd edib.

 

2024-08-13