Prezidentin səlahiyyətli nümayəndəsi: Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir

Prezidentin səlahiyyətli nümayəndəsi: Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir

“Ermənistanın dağ-mədən sənayesi Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərirdi” – Prezidentin səlahiyyətli nümayəndəsi

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Naxçıvanda keçirilən “Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı qeyd edib. 

O bildirib ki, Ermənistan tərəfindən metalların zəhərli tullantıları həm Araz çayına, həm də “Şir arxı”na axıdılmaqla burada olan yüzlərlə köçəri quş və balıq məhv edilir. 

“Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi bu gün də davam edir. Bu isə Arazqırağı ərazilərdə fauna və floranın məhvinə səbəb olur. Demək olar ki, artıq bir çox bitki və heyvanların yox olması təhlükəsi yaranıb. Son zamanlar aparılan müşahidələr zamanı müəyyən edilib ki, çayın suyu qatılaşıb, rəngi dəyişilib. Bütün bunlara baxmayaraq, Ermənistan təbiət əleyhinə yönələn əməllərini hələ də davam etdirir. Son zamanlar həmçinin, ekoterrorun nəticəsində Sədərək rayonunda “Şir arxı”nda balıqlar məhv olub. Eyni zamanda, Şahbuz rayonunda minaya düşən yerli vətəndaşın xəsarət alması Ermənistanın məkrli siyasətinin nəticəsidir”, - deyə Fuad Nəcəfli vurğulayıb.

2024-08-16