Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı”nın bağlanış konserti təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı”nın bağlanış konserti təşkil olunub

Demək olar ki, hamı ora tələsirdi. Üzlərdə, gözlərdə böyük sevinc vardı. Kimi ailəsi, kimi yaxın rəfiqəsi, kim də öz sevgilisi ilə xoş anlar yaşamaq üçün Heydər Əliyev Mərkəzinin parkına üz tutmuşdu. Ona görə ki, yayın son istirahət günü - avqustun 25-də Heydər Əliyev Mərkəzinin parkında “Yay Festivalı” adlı bağlanış konserti təşkil olunmuşdu. Sərin yay gecəsində parka gələnlər paytaxtın bu bənzərsiz məkanında həm istirahət edir, həm də burada səslənən bir-birindən fərqli ifaları dinləyirdilər. Bu anları əbədiləşdirmək üçün foto və video çəkməyi də unutmurdular.

Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən ifaçılar da “Yay Festivalı”nda iştirakdan xüsusi zövq aldıqlarını, belə gözəl bir məkanda tamaşaçılar qarşısında çıxış etməyin onlar üçün də əvəzsiz olduğunu söyləyirdilər.

“Rast” qrupunun yaradıcısı və rəhbəri Rəşad Haşımov deyib ki, biz millət olaraq arzumuza çatmışıq, ərazi bütövlüyümüz tam təmin olunub. “Bizim üçün bundan böyük nə xoşbəxtlik ola bilər? Vətən hər şeydən birincidir. Bu gün dünyanın hər yerində başımız ucadır. Bunu bizə yaşadan başda Ali Baş Komandan olmaqla, şanlı Ordumuza uğurlar arzulayıram, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”. O bildirib ki, “Rast” qrupu festivalda “Bakı-Bakı” mahnısını səsləndirəcək.

“Yay Festivalı” çərçivəsində çoxsaylı konsertlərin təşkil olunduğunu diqqətə çatdıran Əməkdar artist Təyyar Bayramov bildirib ki, festivala olduqca maraqlı bir proqramla yekun vurulacaq. Burada müxtəlif nəsillərə məxsus ifaçılar bir-birindən fərqli mahnılar təqdim edəcək: “Mən bu gecədə belə bənzərsiz bir məkanda tələbələrimlə “Qarabağ” mahnısını ifa edəcəyəm. Düşünürəm ki, bu konsertdən hamı razı qalacaq”.

Festivala xüsusi hazırlaşdığını vurğulayan müğənni Murad Arifin sözlərinə görə, gecəyə yeni mahnı ilə gəlib. Belə ki, o, konsertdə Mərdan Kazımovla birlikdə “Qara gözlər” mahnısını səsləndirəcək.

Elə ilk baxışdan görünürdü ki, konsertin istənilən auditoriyanın marağını cəlb etməsi üçün zəngin proqram hazırlanıb. Bu səbəbdən hamı nəfəs dərmədən səhnəyə çıxan hər bir ifaçını səbirsizliklə gözləyirdi.

“Yay Festivalı”nda məşhur musiqi xadimlərimizin iştirakı ilə müxtəlif janrlarda mahnılar ifa olunub. Sevdiyimiz və hər zaman böyük həvəslə dinlədiyimiz bu ifalar duet, yaxud kollektiv şəklində səslənib. Əksər mahnılar belə interpretasiyada ilk dəfə təqdim olunub. Məqsəd isə musiqidə nəsillərin dialoqunu nümayiş etdirməkdir.

Konsertdə Almaxanım Əhmədli və Aygün Bəylərlə virtual duet, Almaz Ələsgərli və Elçin Cəfərov, Aygün Kazımova və Zamiq Hüseynov, Elnur Məmmədov və Günay İbrahimli, Ədalət Şükürov və Nigar Camal, Faiq Ağayev və Dilarə Kazımova, Xəyyam Nisanov və Aysel, Könül Xasıyeva və İlkin Əhmədov, Mələkxanım Eyyubova və Ramal İsrafilov, Mənsum İbrahimov və Elnarə Xəlilova, Murad Arif və Mərdan Kazımov, Mübariz Tağıyev və Cavidan Fatihi, Nazim Pişyari və Mehin Hümbətova, Nazpəri Dostəliyeva və İlkin Dövlətov, Nisə Qasımova və Abbas Bağırov, Niyaməddin Musayev və “Döngə” qrupu, PRoMete və Samirə AliMəryam, “Rast” qrupu və Jamal Hashım, Sevda Ələkbərzadə və “Nənələr” qrupu, Tünzalə Ağayeva və Nadir Rüstəmli duetləri, eləcə də Gülyaz və Gülyanaq Məmmədovalar və Kamilə Nəbiyeva, İlahə Rüstəmova, həmçinin Təyyar Bayramov, Rəvanə Əmiraslanlı, Mirəli Sarızadə, daha sonra isə Səbinə Babayeva, Sona Əzizova, Atilla Qərib, Atilla Məmmədov çıxış edib.

Bir sözlə, paytaxt sakinləri və şəhərimizin qonaqları həmin gün parkda sevilən müğənnilərin ifasını dinləyib, gözəl yay axşamı keçiriblər.

2024-08-26